Gələcəyin yaşanabilən şəhərləri fəal gənclər, vətəndaş cəmiyyəti və icmalarla birgə qurulacaq.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) baş məsləhətçi Məleykə Tağızadə mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu yeni əməkdaşlıqların başlanğıcı olacaq, WUF13 yolunda daha güclü regional tərəfdaşlıqlara yaxınlaşdıracaq:
"Bu forumda bir araya gəlmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki şəhərlərin gələcəyi artıq yalnız infrastruktur layihələri ilə müəyyən edilmir. Şəhərlər xüsusilə gənclərin iştirakı ilə formalaşır. Bakı sabahdan etibarən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu forum şəhərlərin gələcəyinə dair ən böyük qlobal platformalardan biridir və bizim üçün bu proses yalnız bir tədbirə hazırlıq deyil, uzunmüddətli urban transformasiya fürsətidir".
M.Tağızadə bildirib ki, UN-Habitat məhz bu səbəbdən tərəfdaşlarla birgə Azərbaycan Şəhərsalma Kampaniyasına başlayıb:
"Kampaniyanın əsas məqsədlərindən biri gəncləri urban gündəliyin mərkəzinə gətirməkdir. Bu gün artıq müxtəlif regionlarda gənclərlə şəhər mühiti, inklüzivlik, ictimai məkanlar, iqlim dayanıqlılığı və şəhərlərdə iştirakçılıq mövzularında müzakirələr keçirilir. Gənclər yalnız iştirakçı kimi deyil, təşəbbüs irəli sürən, tədbirlər təşkil edən, həllər təklif edən tərəfdaş kimi prosesə qoşulurlar. Kampaniya çərçivəsində gənclərlə şəhər dialoqları təşkil olunub, universitetlər və gənclər təşkilatları ilə əməkdaşlıqlar qurulub, urban mövzular ilk dəfə bir çox gənclər platformalarında aktiv şəkildə müzakirə olunmağa başlanılıb, əlçatanlıq, inklüzivlik və dayanıqlı şəhərlər mövzusunda gənclərin təşəbbüsləri dəstəklənib".
UN-Habitat nümayəndəsi vurğulayıb ki, Türk dünyası gənclərinin əməkdaşlığı da şəhərsalmada çox vacib rol oynaya bilər:
"Çünki şəhərlərimizin problemləri bir-birinə çox yaxındır (iqlim çağırışları, urban bərabərsizlik, mənzil əlçatanlığı, gənclərin məşğulluğu, ictimai məkanların keyfiyyəti və inklüzivlik). Bu problemlərin həlli üçün regional əməkdaşlıq, təcrübə paylaşımı və ortaq gənclər təşəbbüsləri böyük potensiala malikdir. Biz inanırıq ki, gələcəyin yaşanabilən şəhərləri yalnız dövlətlər tərəfindən deyil, fəal gənclər, vətəndaş cəmiyyəti və icmalarla birlikdə qurulacaq".