Ümumdünya Şəhərsalma Forumu davamlı urbanizasiya problemlərini müzakirə etmək üçün mühüm platformadır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif (Maimunah Mohd Sharif) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu tədbirdə bütün icmalar, o cümlədən siyasətçilər, yerli, regional, milli, qlobal səviyyədə liderlər, üstəlik icma, gənclər və özəl sektor urbanizasiyanın problemlərini müzakirə etmək üçün bir araya gəlirlər: "Hazırkı mövzu mənzil təminatı ilə bağlıdır. Düşünürəm ki, mənzil təminatı təkcə Bakıda deyil, həm qlobal miqyasda, xüsusilə Malayziyada da lazım olan sahələrdən, elementlərdən biridir".
O qeyd edib ki, ümumiyyətlə mənzillər əlçatan olmalıdır: "Əgər əlçatan mənzil iş yerindən uzaqdadırsa, bu qəbuledilməzdir. Çünki mənzil təhsillə, insanların dolanışığı ilə və həmçinin iqtisadiyyatla çox bağlıdır. Düşünürəm ki, bu beş gün ərzində biz bunu bütün aspektlərdən müzakirə edəcəyik. Bu gün səhər nazirlərin bəyanatı, bütün dünyadan gələn liderlərin öhdəliyi olacaq ki, təkcə bəyanat deyil, ölkələrinə geri qayıdanda fəaliyyətə keçsinlər. Beləliklə, fəaliyyət sadəcə bəyanat verməkdən daha vacibdir. Lakin bizə liderlərin öhdəliyi lazımdır".
Maymuna Mohd Şarif deyib ki, mənzil iqlim dəyişikliyi, iqlim davamlılığı ilə çox bağlıdır: "O, həmçinin dairəvi iqtisadiyyatla bağlıdır. Beləliklə, mənzil xidmət etdiyimiz insanların rifahı üçün əsas sütundur".