IMG-LOGO

Konya meri: "Türk Dünyası Bələdiyyələr Birliyinin növbəti toplantısı Qarabağda olacaq" - MÜSAHİBƏ

18 May 2026 09:58 4 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində müxtəlif ölkələrdən gələn bələdiyyə rəhbərləri urbanizasiya, mənzil təminatı, dayanıqlı şəhərlər və iqlim çağırışlarını müzakirə edirlər. Forumda iştirak edən Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsi sədri, Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri və Dünya Bələdiyyələr Birliyinin (UCLG) dövri başqanı Uğur İbrahim Altay "Report"a müsahibəsində forumun əhəmiyyətindən, Türkiyə-Azərbaycan əməkdaşlığından, Konya şəhərinin urbanizasiya siyasətindən və Qarabağın yenidən qurulması ilə bağlı gözləntilərindən danışıb.

– WUF13-lə bağlı təəssüratlarınız necədir?

– İlk növbədə ev sahibinə təşəkkür edirik. Çox gözəl təşkilatçılıq var. Tərəflər bir araya gələrək, xüsusilə gündəmimizdə olan mənzil əldə etmə məsələsi ilə bağlı mühüm müzakirələr aparır. Mənzil problemi bütün dünyada yerli idarəetmələrin ən böyük problemlərindən birinə çevrilib. İnsanların mənzilə çıxışını təmin etmək üçün maliyyə alətlərindən istifadə etməliyik. Mənzil sadəcə yaşayış yeri deyil, əslində bir yuvadır. Ən önəmlisi isə bu forum yerli idarəetmələrin mərkəzi hökumətlərə mesajlarını çatdırması baxımından mühüm platformadır. Ümid edirəm ki, burada əldə olunan nəticələr şəhərlərdə yaşayan insanların həyatına müsbət təsir göstərəcək.

– Türkiyə ilə Azərbaycan arasında şəhərsalma və bələdiyyə sahəsində əməkdaşlıq hansı səviyyədədir?

– Bizim qardaş şəhərlərimiz var. Bundan əlavə, beynəlxalq fəaliyyətimiz də davam edir. Mən mərkəzi İstanbulda yerləşən Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəriyəm. Azərbaycan da daxil olmaqla 30 ölkədən bələdiyyə rəhbərləri bu qurumda təmsil olunur. Öz aramızda müxtəlif təlim proqramları həyata keçiririk və bunu çox vacib hesab edirik. İnşallah yaxın zamanlarda Türk Dünyası Bələdiyyələr Birliyi Akademiyasını yaradacağıq. Beləliklə, bir-birimizdən öyrəndiyimiz məsələləri akademik formada paylaşmaq imkanımız olacaq.

Bundan başqa, mərkəzi Barselonada yerləşən Dünya Bələdiyyələr Birliyinin hazırkı dövr üçün başqanıyam və iyun ayında yenidən namizədəm. Xüsusilə bölgəmizdəki problemlərin BMT səviyyəsində gündəmə gətirilməsi istiqamətində işlər görürük. Azərbaycan Bələdiyyələr Birliyinin sədri Temraz Tağıyevlə də çox sıx əməkdaşlıq edirik. Qarabağın yenidən qurulması və digər məsələlərlə bağlı məsləhətləşmələrimizi davam etdirəcəyik.

– Konya şəhərində gələcək şəhərsalma planları çərçivəsində hansı işlər həyata keçirilir?

– Konya çox qədim şəhərdir. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən Çatalhöyük ilə birlikdə 10 min illik şəhər tarixindən danışırıq. Eyni zamanda Konya 200 il Səlcuqilər dövlətinin paytaxtı olub. Biz qədimdən gələn mədəniyyəti gələcəyə daşımaq üçün çalışırıq.

Hazırda əsas istiqamətlərimizdən biri dayanıqlı və müqavimətli şəhər modeli qurmaqdır. Bunun üçün tarixi ərazilərin üzə çıxarılması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ictimai nəqliyyat sahəsində layihələr həyata keçiririk. Konya dünyanın diqqətinə çatdıracaq çox sözə sahib şəhərdir. Belə platformalar da bunu ifadə etmək üçün mühüm imkan yaradır. Təcrübəmizi hər kəslə bölüşməyə çalışırıq.

– Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı fikirlərinizi bölüşərdiniz.

– Təəssüf ki, hələ Qarabağa səfər etmək imkanımız olmayıb. Amma ötən ay Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətində növbəti toplantının Qarabağda keçirilməsi barədə qərar qəbul etdik. Ora getdiyimiz zaman görülən işləri daha yaxından görmək və araşdırmaq imkanımız olacaq. Bu günə qədər eşitdiklərimizə əsasən deyə bilərəm ki, xüsusilə şəhərsalma sahəsində dünya səviyyəli şirkətlərlə əməkdaşlıq edilir və güclü infrastrukturun qurulması üçün ciddi işlər görülür. Ümid edirəm ki, Türk dünyasının gözlədiyi Qarabağ inşa olunacaq, Azərbaycana yaraşacaq bir layihə olacaq. İndiyə qədər görülən işlər də bunu ən yaxşı şəkildə həyata keçirəcəyinizə inam yaradır. Türkiyədə görülən işlər Azərbaycan üçün necə sevincdirsə, Azərbaycanda görülən işlər də bizim üçün böyük xoşbəxtlikdir. İnşallah birgə çalışmağa davam edəcəyik.

Xəbər lenti