IMG-LOGO

Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır - EKSKLÜZİV

18 May 2026 11:58 2 baxış
IMG

Türkmənistan elektrik enerjisi ixracı üçün Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi layihəsində iştirak imkanını araşdırır.

Bu barədə "Report"a WUF13 çərçivəsində Türkmənistanın Energetika Nazirliyi yanında "Türkmenenerqo" Dövlət Elektrik Enerjisi Korporasiyasının xarici iqtisadi əlaqələr və ixrac şöbəsinin baş əməkdaşı Abdulla Cəlilov bildirib.

Onun sözlərinə görə, Turkmənistan paralel olaraq Türkmənbaşı şəhərində gücü 1574 MVt olan kombinə edilmiş dövrəli elektrik stansiyasının tikintisini aparır. Bu stansiya gələcəkdə ixrac tədarükləri üçün əsas enerji istehsalı mənbəyinə çevrilə bilər.

"Biz Xəzər dənizinin dibi ilə kabelin çəkilməsi məsələsini öyrənirik. Türkmənbaşıda 1574 MVt gücündə kombinə edilmiş dövrəli elektrik stansiyası tikilir. Və o tikilən kimi, bu stansiya və Xəzər dənizinin dibi ilə çəkilən kabel vasitəsilə elektrik enerjisini Azərbaycana, yaxud buradan digər ölkələrə, daha da uzağa ixrac etmək olar", - o bildirib.

Cəlilov qeyd edib ki, bu məsələ Azərbaycan və Türkmənistan arasında hökumətlərarası komissiyalar çərçivəsində müntəzəm olaraq müzakirə olunur, lakin hələlik yekun qərar qəbul edilməyib.

"Hələlik bu məsələ açıqdır. Lakin biz bu layihəni həyata keçirmək istəyirik", - o əlavə edib.

"Türkmenenerqo" nümayəndəsinin sözlərinə görə, layihə bütün iştirakçılar üçün iqtisadi baxımdan sərfəli ola bilər, eyni zamanda Azərbaycan elektrik enerjisinin digər dövlətlərə sonrakı ixracı üçün mühüm tranzit ölkəsi kimi nəzərdən keçirilir.

Xəbər lenti