Toydan sonra soyadını dəyişən sərnişinlər təyyarəyə minərkən problemlə üzləşə bilərlər.
Bir çox yeni evlənən cütlük toy mərasimindən dərhal sonra bal ayına yollanmağa çalışır. Lakin sevinc və ya toy hazırlığının yaratdığı qarışıqlıq səbəbindən onlar bahalı səhvə yol verə bilərlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əgər sərnişinin pasportundakı ad və soyad boarding passdakı məlumatlarla üst-üstə düşmürsə, ona təyyarəyə minməyə icazə verilməyə bilər.
Bu problemi həll etmək mümkündür, amma çox vaxt əlavə ödəniş tələb olunur.
Məsələ ondadır ki, bal ayını toy tarixindən xeyli əvvəl bron edən cütlüklər adətən həmin dövrdə qüvvədə olan soyadla bilet alırlar. Lakin toy sonrası soyad rəsmi şəkildə dəyişdikdə, hava limanındakı təhlükəsizlik əməkdaşları sərnişinə tamamilə başqa şəxs kimi yanaşa bilər.
Bununla belə, əksər aviaşirkətlər rezervasiyada ad və soyad dəyişməyə imkan verir. Ancaq bunu son anda etmək əlavə xərclərə səbəb ola bilər.
Aviabilet rezervasiyasında soyadı necə dəyişmək olar?
Hər aviaşirkətin ad və soyad dəyişiklikləri ilə bağlı öz qaydaları var. Lakin yeni evlənən cütlüklərə çox vaxt güzəşt edilir.
Ən etibarlı üsul əvvəlcədən aviaşirkətin müştəri xidməti ilə əlaqə saxlamaqdır. Bu zaman sizdən böyük ehtimalla nikah şəhadətnaməsinin surəti tələb olunacaq.
Əgər soyadı dəyişmək üçün müraciəti uçuşdan dərhal əvvəl etsəniz, aviaşirkətdən asılı olaraq 45–160 funt sterlinq (təxminən 50–180 avro) arasında əlavə ödəniş etməli ola bilərsiniz.
Ən yüksək dəyişiklik haqqını isə Ryanair tətbiq edir. Əgər dəyişiklik uçuş günü hava limanında edilərsə, bu xidmət 160 funt sterlinqə başa gələ bilər.
Əgər bilet üçüncü tərəf turizm agentliyi vasitəsilə alınıbsa, həmin agentlik də əlavə inzibati ödəniş tələb edə bilər. Bu, hətta aviaşirkətin özü ödəniş almayan hallarda belə mümkündür.
Əsas qayda isə çox sadədir: biletdəki ad pasportdakı adla tam uyğun olmalıdır.
Əgər pasportunuz hələ də qızlıq soyadınızla rəsmiləşdirilibsə, rəsmi nikahda olsanız belə həmin soyadla rahat şəkildə səyahət edə bilərsiniz. Sadəcə biletin pasportdakı məlumatlarla tam eyni olduğundan əmin olmaq lazımdır.
Sərnişinlərə bu məsələni mümkün qədər tez həll etmək tövsiyə olunur. Çünki əksər aviaşirkətlər belə dəyişikliklərin uçuşdan ən gec 48 saat əvvəl edilməsini tələb edir. Daha gec müraciətlər isə çox vaxt bileti yenidən rəsmiləşdirmək kimi yüksək məbləğlərlə nəticələnir.
yeni evlənənlərə təyyarəyə minərkən gözlənilməz əlavə ödəniş