IMG-LOGO

IWMI: Mərkəzi Asiyada su təhlükəsizliyi üçün ciddi çağırışlar yaranmaqdadır

18 May 2026 16:57 3 baxış
IMG

Mərkəzi Asiyada şəhərlərin sürətli böyüməsi regionun su təhlükəsizliyi üçün ciddi çağırışlar yaradır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Su Menecmenti İnstitutunun (IWMI) Özbəkistan üzrə nümayəndəsi Aleksandr Nikolayenko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üçün Dayanıqlı Mənzil Maliyyələşdirilməsinin Regional Perspektivləri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, şəhərləşmə su idarəetməsində strateji problemə çevrilib: "Bütün dünyada olduğu kimi, Mərkəzi Asiyada da şəhərlərin çox sürətlə böyüməsi müəyyən suallar doğurur və hazırda bu, regionun su idarəetmə sistemi üçün strateji problemdir. Son 20 ildə şəhər əhalimiz 14 milyondan çox artıb və hər il şəhərlərə daha 650 000 nəfər əlavə olunur. Mərkəzi Asiya böyük ölkələrdən ibarətdir. Regionda 80 milyon insan var. Bunun 50 %-i şəhərlərdə, 50 %-i isə kəndlərdə yaşayır. Əhalisi bir milyondan çox olan 7 iri şəhərimiz var ki, bunların da ən böyükləri Daşkənd və Almatıdır".

A. Nikolayenko əsas su arteriyalarında resursların azaldığını və mövcud ehtiyatlardan səmərəsiz istifadə edildiyini vurğulayıb: "Mərkəzi Asiya əsasən quraq ərazidir. Suyun təxminən 90 %-i kənd təsərrüfatı və qida təhlükəsizliyi, 4-6%-i sənaye üçün istifadə olunur. Məişət ehtiyacları üçün cəmi 4 % ayrılsa da, bu, regionun ən böyük problemidir, çünki böyük şəhərlərdə daha çox insan su çatışmazlığı və keyfiyyətsiz su ilə üzləşir. Amudərya və Sırdərya çayları şəhərlər üçün, əlbəttə ki, daha çox su təmin edir. 20 il ərzində Amudəryada ümumi suyun təxminən 15 %-ni itirmişik. Sırdərya üçün isə bu, təxminən 10 %-dir. Artıq bir litr belə əlavə su yoxdur, mövcud resurslar isə həm kənd təsərrüfatında, həm də şəhər yerlərində çox səmərəsiz şəkildə istifadə olunur".

Xəbər lenti