Belarus şəhərsalma sahəsində təcrübə və imkanlarını bölüşməyə, həmçinin maraqlı tərəflərlə birlikdə müasir urbanistikanın aktual problemlərinin həll yollarını axtarmağa hazırdır.
"Report" xəbər verir ki, bunu Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi urbanistik inkişaf sahəsində ən kəskin çağırışları səmərəli şəkildə həll etməyə imkan verir: "Ölkəmiz dünyadakı urbanizasiya trendlərini fəal şəkildə dəstəkləyir. UN-Habitat təşəbbüsləri - şəhərlərdə və digər yaşayış məntəqələrində ən yaxşı təcrübə nümunələri yaradaraq tətbiq etdiyimiz real alətlərdir".
İ.Sergeyenko xatırladıb ki, Ümum-Belarus Xalq Yığıncağı tərəfindən təsdiq edilmiş Belarusun 2026–2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramında həyat üçün keyfiyyətli və rahat mühitin formalaşdırılması yeddi əsas prioritetdən biri kimi müəyyən edilib.
O həmçinin vurğulayıb ki, Belarusun 2040-cı ilə qədər olan Dayanıqlı İnkişaf üzrə Milli Strategiyasında mənzil tikintisinə xüsusi diqqət yetirilir: "Onun məqsədi hər bir vətəndaşı müasir standartlara cavab verən əlçatan və keyfiyyətli mənzillə təmin etməkdir".
Belarus nümayəndə heyətinin rəhbərinin fikrincə, şəhərsalmanın gələcəyi enerjiyə qənaət edən texnologiyaların inkişafı, müasir ekoloji mühəndislik sistemlərinin və binaların layihələndirilməsinə innovativ yanaşmaların tətbiqi ilə bağlıdır.