Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi ilə görüşüb.
"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"İqlim dəyişikliyi suyun əlçatanlığına, ərzaq təhlükəsizliyinə, enerji sistemlərinə, ekosistemlərə və şəhərlərin inkişafına getdikcə daha çox təsir etdiyi bir vaxtda iqtisadiyyatlar və cəmiyyətlər miqyasında su ilə bağlı çağırışların sürətlə artan əhəmiyyəti barədə fikir mübadiləsi apardıq", - M. Babayev bildirib.
Onun sözlərinə görə, iqlim və su ilə bağlı artan təzyiqlərə daha yaxşı cavab vermək üçün transsərhəd su əməkdaşlığı, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və beynəlxalq dialoqu gücləndirməyin zəruriliyi, eləcə də gələcək COP gündəliklərində su məsələlərinə davamlı diqqətin təmin edilməsinin vacibliyi müzakirə olunub:
"Bu kontekstdə qlobal iqlim gündəliyində su məsələsinin yerini daha da yüksəltməyə kömək edən İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu və İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi də daxil olmaqla, COP29-da əldə edilmiş nəticələri də nəzərdən keçirdik".