"Sabah" basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətindən bildirilib.
1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın "Mladost Zemun" klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç "Rtanj", "Zdravlje Leskovac" və "Vrşac" komandalarına rəhbərlik edib.
Mütəxəssis 2024/2025 mövsümündə "Vrşac" klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.
L.Spasiç son olaraq Almaniya Bundesliqası təmsilçisi "EWE Baskets Oldenburg"u çalışdırıb.
Spasiçin məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draşkoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.
Mənbə: report.az