Zəif mülkiyyət hüququ sistemi cəmiyyətdəki həssas qrupları mənzil təminatından kənarda qoyur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) layihə idarəetmə üzrə mütəxəssisi Haesunq Ahn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Milli Şəhərsalma Siyasəti və şəhərsalma qanunvericiliyi olduqca vacibdir: "Bu gün onlar Yeni Şəhərsalma Gündəliyinin ("New Urban Agenda") iki əsas fəaliyyət bəndidir. Bəs şəhərsalma qanunvericiliyi niyə vacibdir? Çünki mənzil təminatının nəticələri hüquq sisteminin uzlaşmasından asılı olaraq formalaşa bilər. Bu da böyük ölçüdə onunla bağlıdır ki, şəhərsalma hüquq sistemləri planlaşdırma, infrastruktur, torpaq və mənzil idarəçiliyi, həmçinin infrastruktur və ya investisiya mexanizmləri kimi müxtəlif sistemlərlə birlikdə işləyir. Yəni bütün bunlar bir-biri ilə əlaqələndirilməli olan vahid bir sistemi təşkil edir. Əgər şəhərsalma qanunvericiliyi çatışmırsa və ya zəifdirsə, bu, bir çox problemlərə yol açır. Məsələn, bu, mənzil təminatının məhdudlaşdırılmasına səbəb olur. Həmçinin zəif mülkiyyət hüququ sistemi cəmiyyətdəki həssas qrupları bundan kənarda qoyur. Səlahiyyətlərin üst-üstə düşməsi isə mənzil təminatını gecikdirir və hesabatlılığı azaldır".
O əlavə edib ki, bu sahədə siyasət və qanunvericiliyi inteqrasiya etmək həqiqətən çox vacibdir: "Çünki qanunvericilik olmadan şəhərsalma siyasəti sadəcə hərəkətverici qüvvəsi olmayan bir baxışdır, siyasət olmadan isə şəhərsalma qanunvericiliyi isə sadəcə vizyonu və istiqaməti olmayan bir məcburi tətbiqdir. Məhz buna görə də bütün sistemin uzlaşdırılması və əlaqələndirilməsi üçün siyasət və qanunvericiliyi birləşdirməliyik. Bu, həmçinin idarəetmə və maliyyələşdirmə mexanizmləri kimi bəzi mexanizmlərlə də bağlıdır. Digər mühüm məqam isə bu bütöv prosesin sosial baxımdan inklüziv (hər kəsi əhatə edən) olmasıdır. Çünki siyasət və qanunvericiliklə bağlı hər hansı bir qərar qəbul edərkən müxtəlif səviyyələrdə olan bütün əlaqədar tərəflərin fikirlərini dinləməliyik. Siyasət və qanunvericiliyi inkişaf etdirməyin və gələcəkdə onu tətbiq etməyin açarı budur. Nəhayət, bütün bunlar institusional potensialla bağlıdır. Yerli potensialın inkişaf etdirilməsi və tətbiq olunması üçün onu gücləndirmək çox vacibdir və faktiki olaraq, kağız üzərindəkilər real həyatda öz təsirini göstərə bilər".
Mənbə: report.az