OECD ölkələrində sosial kirayə məqsədli mənzillər ümumi mənzil fondunun orta hesabla cəmi 7 %-ni təşkil edir.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.
Onun sözlərinə görə, bu, sadəcə quru statistika deyil: "Bu, bizim mənzil sistemimizdəki disbalansı əks etdirir; burada əlçatanlıq çox vaxt bazar dinamikasının öhdəsinə buraxılır. Biz qlobal bir ictimai böhranı pərakəndə cavablarla həll edə bilmərik. Bizə sistem səviyyəsində yanaşma lazımdır. Milli Şəhərsalma Siyasəti (NUP) məhz burada işə düşür. Biz BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə on ildən artıqdır ki, əməkdaşlıq edərək OECD regionundakı üzv ölkələrə çox aydın şəkildə bildiririk ki, milli səviyyədə institusional quruluşun necə olmasından asılı olmayaraq - istər federal, istər unitar, istər mərkəzləşdirilmiş, istərsə də desentralizasiya olunmuş - onların şəhərlərini düzgün qurmaqda çox mühüm rolu var. Onlar Milli Şəhərsalma Siyasəti vasitəsilə mənzil təminatını nəqliyyat, torpaqdan istifadə və iqtisadi imkanlarla uzlaşdıran ümumsistem vizyonunu irəli aparmalıdırlar. Bu, balanslaşdırılmış bir sistem və keyfiyyətli şəhərsalma üçün lazımdır; belə bir sistem təkcə özbaşına buraxılmış böyük metropol sahələrinə və taleyin ümidinə qalmış kənd ətrafı bölgələrə deyil, müxtəlif ölçülü şəhərlər sisteminə əsaslanır".
Mənbə: report.az