IMG-LOGO

Yalçın Rəfiyev: "Təhlükəsiz mənzil təminatı olmadan iqlim və iqtisadi məqsədlərə nail olmaq mümkün deyil"

19 May 2026 13:54 2 baxış
IMG

Təhlükəsiz və əlçatan mənzil təminatı olmadan sağlamlıq, təhsil, iqtisadi artıma və ya iqlimə davamlılıq sahəsindəki məqsədlərə nail olmaq mümkün deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "One UN" dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, bu gün şəhərlər qlobal CO2 emissiyalarının 70 %-ni təşkil etməklə ən böyük emissiya mənbəyi hesab olunur: "Buna görə mənzil və şəhərsalma sistemləri müstəqil bir sektor deyil, əksinə, onlar digər sahələrlə sıx bağlıdırlar. Onlar inkişafın çoxşaxəli hərəkətverici qüvvəsi rolunu oynayır, insan rifahı və qlobal ətraf mühitin dayanıqlı fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edirlər. Təhlükəsiz və əlçatan mənzil təminatı olmadan və bununla bağlı çətinlikləri həll etmədən biz sağlamlıq, təhsil, iqtisadi artım və ya iqlimə davamlılıq sahəsindəki məqsədlərimizə nail ola bilmərik".

O vurğulayıb ki, heç bir hökumət, agentlik və ya aktor mənzil böhranını təkbaşına həll edə bilməz: "Bu problemin miqyası, mürəkkəbliyi və sektorlararası xarakteri əlaqələndirilmiş çoxtərəfli fəaliyyəti lüks deyil, hər hansı əhəmiyyətli tərəqqi üçün ilkin şərt edir. Lakin çox təəssüf ki, BMT sistemi hələ də tez-tez birlikdə deyil, paralel şəkildə fəaliyyət göstərir. Səlahiyyətlər rəqabət aparır, resurslar təcrid olunur və sistem miqyasında uzlaşmanın gətirəcəyi faydalar itirilir. BMT-nin inkişaf sisteminin islahatı vahid BMT fəaliyyəti üçün arxitektura yaradıb. BMT-nin sistem miqyaslı əlaqələndirilməsi layiqli mənzil təminatı üzrə fəaliyyətləri dəstəkləmək üçün həlledici əhəmiyyət kəsb edir. Çoxtərəfli tərəfdaşlıqlar layiqli mənzil təminatına nail olmaqda irəliləyişləri sürətləndirmək üçün əsas amildir. Qlobal mənzil böhranının miqyasını və mürəkkəbliyini nəzərə alaraq, qlobal tərəfdaşlar səmərəli şəkildə əməkdaşlıq etməlidirlər".

Mənbə: report.az

Xəbər lenti