Azərbaycanda qohum nikahları qadağan olunana qədər 2025-ci ilin iyulun 1-ə qədər 1412 fakt qeydə alınıb.
"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Hesabata əsasən, bu rəqəm 2024-cü ildə 2058 fakt olub.
Keçən il üçün qohum nikahı ən çox Bakıda (360) qeydə alınıb.
Qeyd edək ki, 2024-cü il 28 iyun tarixli qanunla Ailə Məcəlləsinin 12-ci maddəsinə əlavə olunaraq bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında bağlanan nikahlar nikahın bağlanmasına mane olan hallar siyahısına daxil edilib. Bu qanun 2025-ci il 1 iyuldan qüvvəyə minib. Həmin tarixədək nikahın dövlət qeydiyyatı qanunvericiliyin əvvəlki müddəalarına uyğun aparılıb.
Bundan başqa, 2025-ci il üzrə ölkədə 48 546 nikaha daxilolma, 20 675 boşanma halları qeydə alınıb. 2024-cü illə müqayisədə 2025-ci ildə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Həmçinin 2022-2025-ci illərdə ildən-ilə nikahların sayı azalıb. 2023-2025-ci illərdə boşanmaların sayında ildən-ilə azalma müşahidə olunur.
Eyni zamanda Azərbaycanın 14 iqtisadi rayonu üzrə 2025-ci ildə rəsmi qeydə alınmış ən çox boşanma halları Qarabağ (1590), Abşeron-Xızı (1504), Mərkəzi Aran (1442), Gəncə-Daşkəsən (1374) iqtisadi rayonları üzrə qeydə alınıb.
Ən az boşanma halları Dağlıq Şirvan (577), Şərqi Zəngəzur (711) iqtisadi rayonlarında qeydə alınıb.
Mənbə: report.az