IMG-LOGO

Rauf Hacıyev: Xəzərdə səviyyə dəyişiklikləri geniş kontekstdə qiymətləndirilməlidir

19 May 2026 17:02 4 baxış
IMG

İqlim adaptasiyası yalnız ayrıca ekoloji tədbirlər toplusu kimi qiymətləndirilə bilməz.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ şəhərsalma, su ehtiyatlarının idarə olunması, sahilyanı ərazilərin planlaşdırılması, ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması, infrastruktur dayanıqlılığı və insanların həyat keyfiyyəti ilə birbaşa bağlıdır:

"Xəzər dənizinin səviyyə dəyişiklikləri yalnız hidrometeoroloji göstərici kimi deyil, daha geniş ekoloji, sosial-iqtisadi və şəhər dayanıqlılığı məsələsi kimi qiymətləndirilməlidir. Bu proses sahilyanı ərazilərdə ekosistemlərin vəziyyətinə, su bioresurslarına, sahilboyu infrastrukturun təhlükəsizliyinə, liman və nəqliyyat-logistika fəaliyyətinə, turizm və rekreasiya imkanlarına, eləcə də şəhər və yaşayış məntəqələrinin uzunmüddətli inkişaf planlarına təsir göstərir. Bu baxımdan əsas yanaşma ondan ibarətdir ki, uyğunlaşma tədbirləri yalnız artıq baş vermiş nəticələrə reaksiya verməklə məhdudlaşmamalıdır. Risklər əvvəlcədən müəyyən edilməli, qərarlar etibarlı məlumatlara əsaslanmalı və adaptasiya tədbirləri qabaqlayıcı planlaşdırma prinsipi ilə hazırlanmalıdır".

Nazir müavini qeyd edib ki, burada prinsipial məsələ ondan ibarətdir ki, Xəzər üzrə qərarlar epizodik müşahidələrə deyil, uzunmüddətli məlumat sıralarına, elmi təhlillərə, müqayisəli modelləşdirməyə və regional məlumat mübadiləsinə əsaslansın:

"Digər vacib istiqamət Xəzər sahilyanı şəhərlərində infrastrukturun iqlim risklərinə uyğunlaşdırılmasıdır. Burada məsələ yalnız yeni obyektlərin tikintisi deyil. Drenaj sistemlərinin yenilənməsi, yağış sularının idarə olunması, ərazilərin riskə uyğun planlaşdırılması, yaşıl zonaların genişləndirilməsi bu prosesin əsas hissələridir".

Mənbə: report.az

Xəbər lenti