IMG-LOGO

Bakıda keçirilən WUF13 Serbiya mediasının diqqət mərkəzindədir

19 May 2026 19:11 2 baxış
IMG
0 0

Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) beynəlxalq medianın, o cümlədən Serbiya mətbuatının diqqətini cəlb etməkdə davam edir.

Lent.az xəbər verir ki, forumla bağlı Serbiyanın nüfuzlu Telegraf.rs informasiya portalında geniş material dərc olunub. Yazıda Azərbaycanın qlobal urbanizasiya proseslərində artan roluna diqqət çəkilərək qeyd olunur ki, Bakı artıq yalnız Cənubi Qafqaz regionunun deyil, həm də Avrasiya məkanında beynəlxalq şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanistika məsələlərinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib.

Məqalədə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə də geniş yer ayrılıb. O bildirib ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma strategiyasını və dayanıqlı inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır.

F.Şahbazlı qeyd edib ki, forum çərçivəsində xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri diqqət çəkir. Burada tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın yeni urbanistik modelinin əsas istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, bu model yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, eyni zamanda sosial inklüzivlik, milli memarlıq irsinin qorunması, ekoloji balansın təmin edilməsi və insan mərkəzli yanaşma prinsiplərinə əsaslanır.

F.Şahbazlı açıqlamasında bildirib ki, Bakıda keçirilən forum Azərbaycanın beynəlxalq nüfuzunun və urbanistika sahəsində formalaşdırdığı təcrübənin növbəti göstəricisidir. O vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi “insan mərkəzli şəhər” modeli gələcəyin şəhərlərinə dair yeni baxış formalaşdırır.

Ümumilikdə, Serbiya mediasında yayılan materialda Azərbaycan ilə Serbiya arasında şəhərsalma, memarlıq, nəqliyyat infrastrukturu və regional inkişaf sahələrində əməkdaşlıq perspektivlərinin genişləndiyi qeyd olunub. Bildirilib ki, Forumda Serbiyanın ən yüksək səviyyədə iştirakı da bunu sübut edir. 

Materialda vurğulanıb ki, WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Serbiya və Balkan regionu ilə urbanistik və strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

WUF13 Fərid Şahbazlı

Mənbə: lent.az

Xəbər lenti