Qarabağ "yaşıl enerji" və aqrar sahədə investisiyaların yeni mərkəzinə çevrilir.
Bunu "Report"a açıqlamasında Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
"İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər böyük və mühüm istiqamətlər üzrə və investisiya qoyuluşuna maraq göstərən şirkətlər var. Bunlar daha çox kənd təsərrüfatı, turizm, logistika və "yaşıl enerji" sahəsində kifayət qədər mühüm layihələr təqdim edir. Xüsusilə aqrar sahədə kifayət qədər maraqlı layihələrimiz var. Bildiyiniz kimi, artıq Zəngilanda "Angus" heyvandarlıq təsərrüfatı mövcuddur və 10 min baş iribuynuzlu heyvan saxlamaqla bağlı hədəfi var. Digər tərəfdən, bağçılıq sahəsində də kifayət qədər mühüm işlər aparılmaqdadır və növbəti ildə aqroparkların və istixanaların qurulması nəzərdə tutulur", - deyə o qeyd edib.
Bundan başqa, xüsusi nümayəndənin sözlərinə görə, Qarabağda alternativ enerji potensialında istifadə də genişləndirilir: "Bildiyiniz kimi, Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını "yaşıl enerji" zonası elan edib. Bu səbəbdən "yaşıl enerji"nin istehsalı ilə bağlı kifayət qədər mühüm layihələr həyata keçirilməkdədir. Hazırda biz "ağıllı kənd"lərdə günəş panellərindən istifadə edirik. Onlar inzibati binalarda, məktəblərdə, bağçalarda quraşdırılır. Bölgədə günəşli günlərin sayı kifayət qədər çox olduğu üçün xarici investorların da buna marağı müşahidə edilir. Hazırda Cəbrayıl rayonunda 240 meqavatlıq Günəş Elektrik Stansiyası inşa edilməkdədir. Bundan başqa, Füzuli rayonunda da günəş enerjisi potensialından istifadə üzrə layihə həyata keçirilməkdədir".
"Biz sudan da kifayət qədər çox aktiv istifadə edirik və artıq Su Elektrik Stansiyaları mövcuddur. Zəngilan rayonunda gücü 50 meqavata yaxın olan stansiyalar işləyir. Bu, onu göstərir ki, bizim regionumuzda kifayət qədər alternativ enerji mənbələrindən istifadə olunur. Bu isə həm ölkə daxilində tələbatın ödənilməsinə, həm də ixraca töhvə verəcək", - deyə V.Hacıyev əlavə edib.
Xüsusi nümayəndə onu da əlavə edib ki, Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələrinin böyük hissəsi icra olunub: "Hər iki layihə başa çatmaq üzrədir. Bizim İranla sərhəd-keçid məntəqəmizin, körpünün tikintisi də yekunlaşmaq üzrədir və bu, işğaldan azad olunmuş ərazilərin inkişafına kifayət qədər böyük bir töhfə verəcək. Həm logistik şirkətlərin burada fəaliyyətə başlaması, həm də digər sahələrlə bağlı kifayət qədər böyük işlər həyata keçirilir".
Mənbə: report.az