IMG-LOGO

Törəxanım Nəsrullayeva: Vətəndaşlar şəhərsalma prosesindən kənarda qalarlarsa, layihələr uğursuz olar

20 May 2026 10:42 4 baxış
IMG

Vətəndaşlar qərarvermə proseslərindən kənarda qalarlarsa, ən yaxşı dizayn edilmiş şəhərsalma layihələri belə uğursuzluğa düçar ola bilər.

"Report" xəbər verir ki, bu sözləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Vətəndaşların iştirakı və strateji ünsiyyət vasitəsilə şəhər davamlılığının gücləndirilməsi" adlı tədbirdə bildirib.

O deyib ki, bu gün dünyanın bir çox şəhərləri ciddi mənzil problemləri ilə üz-üzədir:

"Urbanizasiya sürətlə böyüyür, infrastruktur təzyiq altındadır və hökumətlər bu problemləri effektiv şəkildə həll etmək üçün alətlər axtarırlar. Bu isə iştirakçılıq tələb edir. ​Mənzil təminatı sadəcə əsas insan ehtiyacı deyil, o, həm də ləyaqət, sabitlik, təhlükəsizlik və sosial inkişafla bağlıdır. Hazırda qlobal miqyasda 1 milyarddan çox insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır".

T.Nəsrullayeva əlavə edib ki, kommunikasiya iştirakçılığı hərəkətə gətirir, iştirakçılıq qərarları təkmilləşdirir və daha yaxşı qərarlar qəbul olunur, dayanıqlı şəhərlər yaradılır:

"İştirakçılıq olmadan bir şəhəri qura bilməzsiniz, çünki vətəndaşların cəlb olunması vacibdir. Hətta ən yaxşı dizayn edilmiş şəhərsalma layihələri belə, vətəndaşlar qərarvermə proseslərindən kənarda qalarlarsa, uğursuzluğa düçar ola bilər. Bu gün əsas şəhər problemlərindən biri vətəndaş iştirakının aşağı olması, zəif kommunikasiya kanalları və yüksək dərəcədə mərkəzləşdirilmiş şəhərsalma sistemləridir. Bizim yanaşmamız üç əsas sahəyə yönəlir. Birincisi, rəqəmsal kommunikasiya alətləri, ikincisi, icmanın cəlb edilməsi modelləri, üçüncüsü isə məlumatlara əsaslanan qərarvermədir".

Mənbə: report.az

Xəbər lenti