IMG-LOGO

Bəzi şəhərlər insanın yaddaşında yox, ürəyində qalır -VİDEO

20 May 2026 11:04 6 baxış
IMG
1 0

Son günlərdə bizdə də, dünya mediasında da ən çox yer alan mövzulardan biri World Urban Forum 13 (WUF13) oldu. Mövzunu anlayan da, anlamayan da bundan danışır. Bu yazıda qlobal şəhərsalma forumunun əsas məqsədi - Dünyanın Mənzillə Təminatı və təhlükəsiz şəhərlər məsələsindən söhbət açmayacağam.  Onsuz da bu barədə işini ən yaxşı bilən usta mütəxəssislər danışır. Mənim diqqətimi çəkən ora gələn müxtəlif rəngli, al-əlvan geyimli, bizim musiqilərə qol qaldırıb oynayan insanlardı.

Necə deyərlər, pul qazanmaq asandır, insan qazanmaq çətin. Biz bu insanlardan hansının qazana bildiksə, bu elə ən böyük mənfəətimizdir. Fikir verdinizsə, WUF13 bir məkanda keçirilən böyük bir tədbir olmadı. Yəni insanlar gəlib orada danışıb, getmədilər.  Qonaqlar Bakının müxtəlif küçələrində gəzdikcə, bir neçə gün ərzində paytaxt balaca dünyaya çevrildi. Hər tərəfdə başqa dillər eşidilirdi. Fərqli simalar, fərqli geyimlər, fərqli mədəniyyətlər… Amma qəribəsi o idi ki, hamı bir-birinə doğma görünürdü, gülümsəyirdi.

Ən çox Bakı Bulvarında fərqli milli geyimdə olan insanlara rast gəlirdik. Kimi rəngarəng Afrika naxışları ilə diqqət çəkirdi, kimi Şərq üslubunda geyimi ilə. Onlar da bizim kəlağayımıza, papağımıza, milli ornamentlərimizə maraqla baxırdılar. Dillər fərqlidir, amma təbəssüm hamını birləşdirirdi.

Ən gözəl tərəfi isə ara fasilələrdəki söhbətlərdi. Tədbir təşkilatçıları, media nümayəndələri xaricdən gələn qonaqlarla çay süfrəsi arxasına toplaşır, onlara Qarabağdan, İçərişəhərin daş küçələrindən, Novruz tonqallarından bəhs edirdilər. Məsələn, onlara deyiləndə ki, bizdə qonaq evin bərəkəti sayılır, onlar diqqətlə qulaq asır, bəzən təəccüblə, bəzən də heyranlıqla baxırdılar.

Tədbir bitmişdi, qonaqlar yenə şəhəri gəzir. Bu axşamların birində Bakının küləkli havasında bulvarda gəzən bir qrup əcnəbi tar səsini eşidib dayanmışdılar. Orada musiqinin səsi deyildi, sanki şəhərin özü danışırdı. Onların gözlərində qəribə bir sakitlik vardı. Həmin an başa düşürdün ki, Azərbaycanı yalnız görmürlər, hiss edirlər.

Beləliklə, yeni dostlar da qazandıq. Sosial şəbəkələrdə bir-birimizi izləməyə aldıq. Ətrafımız daha da böyüdü. Bu danılmazdır ki, illər sonra belə onlar öz ölkələrində Bakını xatırlayacaqlar. Armudu stəkanda içdikləri çayı, gecə işıqları altında parlayan Xəzəri, insanların səmimiyyətini kimlərləsə bölüşəcəklər. Ola bilsin, bir gün övladlarına “uzaq bir ölkədə bizi öz doğması kimi qarşılayan insanlar vardı” deyəcəklər.

Yəni onlar bura gəlib, yalnız öz vəzifə borclarını yerinə yetirib geri dönmürlər, burdan sadəcə şəkillər aparmırlar. Özləri ilə bir az da olsa Azərbaycan ruhu da götürürlər. Bəlkə hansısa evdə bizim muğam səslənəcək, hansısa masada paxlava təqdim olunacaq, hansısa söhbətdə Bakıdan sevgi ilə danışılacaq. Çünki bəzi şəhərlər insanın yaddaşında yox, ürəyində qalır. Azərbaycan, Bakı da onlardan biridir.

WUF13 #wuf13 #bakı #azerbaycan #azərbaycan #mədəniyyət #milliadətlər #millimədəniyyət #qarabağ #içərişəhər #xəzər #muğam #novruz #dostluq #qonaqpərvərlik #publisistika #bakıbulvarı #azərbaycanruhu #səyahət #multikulturalizm #mədəniyyətlərarasıdialoq

Mənbə: lent.az

Xəbər lenti