IMG-LOGO

Nazirin I müavini: Azərbaycan aşağı xərcli, lakin yüksək təsirli həllərə fokuslanmalıdır

20 May 2026 11:33 6 baxış
IMG

Maliyyə resurslarının məhdudluğunu nəzərə alaraq, Azərbaycan aşağı xərcli, lakin yüksək təsirli həllərə fokuslanmalıdır.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunlara yaşıl ictimai məkanlar, suyun səmərəli istifadəsi, binaların izolyasiyasının yaxşılaşdırılması və icma əsaslı şəhər planlaşdırması daxildir:

"Bu tədbirlər eyni zamanda həm iqlim adaptasiyasını dəstəkləyə, emissiyaları azalda, həm də sosial dayanıqlılığı gücləndirə bilər. İqlimə dayanıqlı, aşağı karbonlu və inklüziv şəhər insanların təhlükəsiz, rahat və bərabər imkanlarla yaşaya bildiyi şəhərdir. Belə bir şəhərdə güclü və dayanıqlı infrastruktur, əlçatan və enerji səmərəli mənzillər, hər kəs üçün əlçatan ictimai nəqliyyat, yaşıl ictimai məkanlar və iqlim risklərinə davam gətirə bilən xidmətlər olmalıdır".

A.Səmədzadə əlavə edib ki, buna nail olmaq üçün güclü qanunlar və aydın siyasətlər tələb olunur:

"Müxtəlif dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar əlaqələndirilmiş şəkildə birlikdə işləməlidirlər. Ayrı-ayrı və bir-biri ilə əlaqəsi olmayan tədbirlərdən qaçınmaq vacibdir. Azərbaycanda bu məsələlər Nazirlər Kabineti yanında Dövlət İqlim Komissiyası vasitəsilə yüksək səviyyədə əlaqələndirilir".

Mənbə: report.az

Xəbər lenti