Azərbaycanda prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sisteminin inkişafıdır.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
A.Səmədzadə qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar iqlim dəyişikliyinə ən həssas qruplardandır, həmin insanlar istilik dalğaları, daşqınlar, su qıtlığı və digər risklərə daha çox məruz qalırlar:
" Buna görə də belə məntəqələrin təkmilləşdirilməsi prosesinə iqlim adaptasiya tədbirləri də daxil edilməlidir. Bu o deməkdir ki, insanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha sabit çıxış əldə etməli və daha yaxşı infrastrukturdən faydalanmalıdırlar".
Onun fikrincə, Azərbaycanda əsas prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sisteminin inkişafıdır:
"Bu, BMT Baş Katibinin "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsü ilə də uyğunluq təşkil edir. Əsas ideya sadədir: iqlimə davamlılıq hər kəsi, xüsusilə də həssas icmaları əhatə etməlidir. Bakı və Sumqayıt kimi şəhərlərdə praktiki tədbirlərə daha çox yaşıllıq sahələrinin yaradılması, ağac əkilməsi, kölgəli ictimai məkanların salınması, enerji səmərəli binalar, daha yaxşı izolyasiya və suya qənaət sistemləri daxil ola bilər. Bu həllər istiliyi azaldır, hava keyfiyyətini yaxşılaşdırır, daşqın risklərini azaldır və şəhər həyatını daha sağlam və rahat edir".
Mənbə: report.az