Panama ciddi mənzil qıtlığı ilə üzləşir və yeni yaşayış ərazilərində zəruri sosial infrastrukturun olmaması əsas problemlərdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bunu Panamanın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Hayme Hovane Kastilyo Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İki Region, Bir Gündəm: İnklüziv Şəhər Yenilənməsi üçün dərslər" adlı panel müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, hökumət mövcud ehtiyacları ödəmək üçün subsidiyalar və mənzil layihələrinin inkişafı vasitəsilə sosial mənzil proqramlarını həyata keçirir.
O əlavə edib ki, bir çox yeni yaşayış kompleksləri baza xidmətlərinin səviyyəsinin kifayət qədər olmamasına baxmayaraq inşa edilib: "Elə mənzil layihələri mövcuddur ki, onların lazımi infrastrukturla: içməli su, nəqliyyat və yol şəbəkəsi, elektrik enerjisi, eləcə də tibb və təhsil xidmətlərinə çıxışla təminatı yoxdur".
H.Hovanenin sözlərinə görə, hazırda dövlətin qarşısında mənzil tikintisi templəri ilə müqayisədə infrastrukturun qabaqlayıcı inkişafını təmin etmək vəzifəsi durur: "Biz əsas və sosial xidmətlərin göstərilməsinə cavabdeh olan şirkət və strukturların qabaqlayıcı templərlə inkişaf etməsinə və ailələr üçün layiqli həyat keyfiyyətinə zəmanət verməsinə nail olmalıyıq".
Nazir əlavə edib ki, Panama hakimiyyəti tarixi rayonların, xüsusən də Kasko-Vyexonun bərpası üzərində fəal işləyir: "Bizim üçün təkcə tarixi abidələri qoruyub saxlamaq deyil, həm də sakinləri geri qaytarmaq, bu rayonların sosial strukturunu qorumaq vacibdir".
Onun sözlərinə görə, dövlət Panama-Sitidə metrokabel xəttinin işə salınması da daxil olmaqla, kənar rayonların nəqliyyat əlçatanlığını yaxşılaşdırmaq üçün layihələr həyata keçirir.
Nazir həmçinin bildirib ki, ölkənin Atlantik sahilindəki Kolon şəhərində irimiqyaslı bərpa proqramı həyata keçirilir: "İndi bizim üçün ən vacibi sosial infrastrukturun inkişafına zəmanət vermək və keçmişin xaotik tikinti səhvlərinin təkrarlanmasından qaçmaqdır".
Mənbə: report.az