IMG-LOGO

Fransalı mütəxəssis: "Davamlı tikinti sahəsində əsas problem tətbiq mexanizmləridir"

20 May 2026 14:58 3 baxış
IMG

Dünyada davamlı tikinti ilə bağlı məlumatlılıq yüksək səviyyədə olsa da, əsas problem onun real tətbiq mexanizmlərinə inteqrasiyası olaraq qalır.

"Report" xəbər verir ki, bunu Fransanın "Saint-Gobain" şirkətinin davamlı inkişaf üzrə vitse-prezidenti Emmanuel Normant Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.

"Respondentlərin 67 %-i davamlı tikintinin nə olduğunu tam şəkildə bildiyini, 94 %-i isə ən azı bu anlayışı eşitdiyini deyib. Bununla belə, davamlı tikinti prinsiplərinin maliyyələşdirmə, satınalma, sığorta və tikinti qərarlarına inteqrasiyası sahəsində ciddi boşluqlar qalır. Araşdırmaya əsasən, mütəxəssislərin yalnız 30 %-i hazırda davamlı layihələr həyata keçirdiyini bildirib, 55 %-i isə gələcəkdə bunu etməyi planlaşdırdığını qeyd edib. Yerli seçkili nümayəndələrin 86 %-i dövlət satınalmalarında davamlılığı vacib meyar hesab etsə də, yalnız 20 %-i davamlı tikinti standartlarına uyğun olmayan layihələri rədd etdiyini açıqlayıb".

Fransalı ekspert bildirib ki, davamlı tikinti anlayışında dayanıqlılıq amili getdikcə daha çox ön plana çıxır: "Xüsusilə iqlim risklərinin yüksək olduğu regionlarda bu yanaşma daha qabarıq hiss olunur. Belə ki, Afrikada respondentlərin 42 %-i, Yaxın Şərqdə isə 41 %-i davamlı tikintini təbii və iqlim risklərinə davamlılıqla əlaqələndirib. İqlim dəyişikliklərinə uyğunlaşma artıq gələcəyin deyil, bu günün məsələsinə çevrilib. Bununla yanaşı, maliyyə qurumları və sığorta şirkətləri ilə aparılan sorğular göstərib ki, dayanıqlılığın tətbiqi iqtisadi baxımdan çətin olaraq qalır. Çünki adaptasiya xərcləri dərhal görünür, faydaları isə uzunmüddətli perspektivdə ortaya çıxır".

Mənbə: report.az

Xəbər lenti