IMG-LOGO

BMT rəsmisi: "Tailandda dayanıqlı mənzil layihələri üçün özəl kapitalın cəlb edilməsi zəruridir"

20 May 2026 14:53 4 baxış
IMG

Tailandda dayanıqlı mənzil layihələrinin icrası özəl kapitalın böyük miqyasda cəlb edilməsini tələb edir.

"Report" xəbər verir ki, bunu BMT-nin Taylanddakı Rezident Koordinatoru Mikaela Friberq-Storey Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Dəyirimi Masasında deyib.

M. Friberq-Storey ölkədəki mövcud iqlim risklərinin mənzil təminatına birbaşa təsir göstərdiyini bildirib: "Tailandda daşqınlar tez-tez baş verir və bu, təkcə paytaxt Banqkokda deyil, bütün ölkə boyu müşahidə olunur. Bu yaxınlarda cənub əyalətlərində son 300 ilin ən güclü daşqınlarından biri baş verib və bundan milyonlarla insan zərər çəkib. Beləliklə, əsas sual iqlim dəyişikliyinin mənzil təminatına təsir edib-etməməsi deyil, onun maliyyələşdirməyə necə təsir etməsidir".

O qeyd edib ki, Tailand yuxarı-orta gəlirli ölkə olduğu üçün burada güzəştli maliyyələşdirmə geniş yayılmayıb və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün maliyyə çatışmazlığı hər il trilyonlarla bata çatır: "Mənzil və iqlim infrastrukturu sahəsindəki kəsiri aradan qaldırmaq özəl kapitalın böyük miqyasda cəlb edilməsini tələb edir. Bu vəziyyət iqlimə daha dözümlü mənzil təminatı və infrastruktur üçün investisiyaların, planlaşdırmanın və koordinasiyanın gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir".

O, dayanıqlı investisiya ekosisteminin yaradılmasında dövlət tənzimləmələrinin və yerli səviyyədə layihələrin maliyyələşdirilməsinin əhəmiyyətini vurğulayıb: "Hökumət tərəfindən Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG), insan hüquqları və emissiyaların azaldılmasını əks ettirən vahid hesabatlıq sistemi institusionallaşdırılıb və "yaşıl taksonomiya"nın standartlaşdırılmasına başlanılıb. Regional prioritetləri investisiya layihələrinə çevirmək üçün "BMT-nin Birgə DİM Fondu" çərçivəsində yerli səviyyədə maliyyə sürətləndiricisi hazırlamışıq. Hesab edirəm ki, 2030 Gündəliyində uğur qazanmağımızın əsas açarı məhz bu yerliləşdirmə prosesi olacaq".

Mənbə: report.az

Xəbər lenti