IMG-LOGO

Qatar Azərbaycanda 100, Gürcüstanda 50km/saat sürətlə gedəcək

20 May 2026 15:46 4 baxış
IMG
2 0

"Qeyd edim ki, yataq tipli gecə qatarlarında sürət yalnız titrəyişin azaldılması üçün deyil, həm də sərnişinlərin yuxu və istirahətinə görə komfortun təmin edilməsi, gecə saatlarında hərəkətin təhlükəsizliyi, qrafik üzrə səhər saatlarında uyğun vaxtda çatma, enerji sərfiyyatının optimallaşdırılması və ağır vaqon tərkibinin daha stabil idarə olunması məqsədilə tənzimlənir".

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APA-ya müsahibəsində deyib.

Departament rəisi bildirib ki, ümumi səfər müddətinə sərhəd və gömrük prosedurları da daxildir. Azərbaycan sərhədində 1 saat, Gürcüstan sərhədində isə əlavə 1 saat dayanma nəzərdə tutulub:

"Qatarın ümumi səfər müddətinə təsir edən digər amil isə Gürcüstan ərazisində dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir. Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq. Qardabani–Tbilisi hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır.

Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək.

Bütün bunlar səfərin təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün nəzərə alınmalı olan vacib amildir. Qatarın qrafiki də məhz bu texniki reallıqlar, sərhəd-gömrük prosedurları və əməliyyat tələbləri nəzərə alınmaqla hazırlanıb.

Onu da əlavə edim ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq.

Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək".

Bakı-Tbilisi qatarı

Mənbə: lent.az

Xəbər lenti