IMG-LOGO

BMT qurumları şəhərlərin dayanıqlılığı üçün birgə platforma yaradır

20 May 2026 17:02 4 baxış
IMG

BMT qurumları şəhərlərin dayanıqlılığı üçün birgə platforma yaradır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Qlobal Həllər Bölümünün direktoru Raf Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil davamlılığı şəhər sistemləri çətinliyi kimi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sürətli urbanizasiya, iqlim dəyişiklikləri və ətraf mühitin deqradasiyası qlobal mənzil sistemlərinə artan təzyiq yaradır: "Mənzil məsələsi artıq yalnız yaşayış sahəsi problemi deyil, bütöv şəhər sistemlərinin dayanıqlılığı ilə bağlı çağırışa çevrilib. Mənzil şəhər infrastrukturunun ən böyük hissəsidir və fəlakətlər zamanı ən ağır zərbəni məhz bu sektor alır. Hər il təbii fəlakətlər 150 milyondan çox insana təsir edir və yüz milyardlarla dollar zərərə səbəb olur. Bu itkilərin böyük hissəsi isə mənzil sektorunun payına düşür. Mənzil böhranı təkcə ev çatışmazlığı deyil, sistem problemlərinin nəticəsidir. Məsələ torpaq idarəçiliyi, şəhər planlaşdırılması, infrastruktur, xidmətlər, institusional imkanlar və icmaların rifahı ilə birbaşa bağlıdır".

BMT nümayəndəsi qeyd edib ki, risklər həm qlobal cənub, həm də qlobal şimal şəhərlərinə təsir göstərir və müxtəlif sektorlar üzrə bir-birini gücləndirir: "Dayanıqlılıq yanaşması fəlakət risklərinin azaldılması, iqlim adaptasiyası, şəhər planlaşdırılması və sosial inklüzivliyi vahid çərçivədə birləşdirir. Dayanıqlılığın mənzil siyasətlərinə, tikinti normalarına, torpaq istifadəsinə və maliyyələşdirməyə inteqrasiyası insanların, iqtisadiyyatın və şəhərlərin gələcəyinin qorunması deməkdir"

O əlavə edib ki, dayanıqlı mənzil qlobal öhdəliklərin yerinə yetirilməsi baxımından əsas mexanizmlərdən biridir: "BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi (UNDRR), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin İnkişaf Proqramı (UNDP) və UN-Habitat tərəfindən dayanıqlı mənzil sistemləri üzrə yeni birgə təşəbbüs başladılır. Bu təşəbbüs şəhərlərə və ölkələrə riskləri azaltmağa, adekvat mənzil hüququnu qorumağa və uzunmüddətli şəhər transformasiyasını dəstəkləməyə kömək edəcək".

Mənbə: report.az

Xəbər lenti