Azərbaycanda 26 mindən çox yararsız avtomobil utilizasiya edilib.
"Report" xəbər verir ki, bunu "Təmiz şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövrənin qapanması: tullantıların idarə edilməsinin iqtisadi təsiri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramının uğurlu nəticələri olub: "Layihəmizdən biri istismara yararsız nəqliyyat vasitələrinin emalıdır. Bu layihə artıq iki ildir fəaliyyət göstərir. İl yarımdır icra olunur və bu müddətdə 26 mindən yuxarı istismara yararsız nəqliyyat vasitəsi təhvil verilib. Həmin nəqliyyat vasitəsi təhvil verildiyi halda utilizator tərəfindən şəxslərə sertifikat verilir ki, bununla da onlar yeni avtomobil aldığı zaman güzəşt əldə edirlər".
E. Abbasov bildirib ki, Bakıda tibbi müəssisələrin sayının çoxluğu nəzərə alınaraq yeni sterilizasiya avadanlıqları quraşdırılıb: "Başqa bir layihəmiz tibbi tullantıların emalı və sterilizasiyası avadanlığıdır. Bu da yeni bir layihədir. Bakı şəhəri böyük şəhər olduğu üçün, burada tibbi müəssisələr də çoxdur. Ona görə də qərara gəldik ki, tibbi tullantıların sterilizasiyası avadanlığını da quraşdıraq ki, hazırda o da fəaliyyət göstərir".
Mənbə: report.az