Kolumbiyanın yeni milli inkişaf planı ərazi planlaşdırmasının su ehtiyatları ətrafında qurulmalı olduğu bir yanaşmanı nəzərdə tutur.
"Report" xəbər verir ki, bunu Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello Bakıda WUF13-də bildirib.
Hökumət nümayəndəsinin sözlərinə görə, bu, ərazilərin inzibati sərhədlər üzrə ənənəvi bölünməsindən imtina və təbii sistemlərə əsaslanan planlaşdırmaya keçid deməkdir.
O, nümunə kimi bir neçə bələdiyyədən keçən Kauka çayının hövzəsini göstərib.
"Söhbət "bu bələdiyyə burada başlayır və orada bitir" deməyi dayandırmaq və əraziyə vahid bir sistem kimi baxmağa başlamaqdan gedir", - nazir müavini bildirib.
O qeyd edib ki, şəhərin genişlənmə sərhədləri mümkün tikintinin miqyası ilə deyil, sutoplayıcı hövzələrin imkanları ilə müəyyən edilməlidir.
Onun sözlərinə görə, müasir şəhərsalma əhalinin mənzil ehtiyacı ilə su ehtiyatlarının məhdudluğu arasında tarazlıq tələb edir, bu zaman su bütün planlaşdırma sisteminin mərkəzi elementinə çevrilməlidir.
Bu, kvadrat metrlərlə və inzibati sərhədlər daxilində planlaşdırmadan su hövzələrinə və təbii sistemlərə əsaslanan modelə keçidi nəzərdə tutur.
Mənbə: report.az