Dayanıqlı cəmiyyət həm iqlim, həm geofiziki, həm də ekoloji və texnoloji təhlükələrə hazır olmalıdır.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Fəlakət Riskinin Azaldılması Ofisinin nümayəndəsi Loreta Qirardet Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi: daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri" adlı sessiyada deyib.
O bildirib ki, Haitiidəki zəlzələsinin nəticələri zəif infrastruktur, plansız urbanizasiya, yoxsulluq, qeyri-kafi tikinti standartları və dayanıqlılığa yetərincə investisiya qoyulmaması səbəbindən daha ağır olub:
"Zəlzələ çox yüksək səviyyədə həssaslığa malik bir ölkədə baş vermişdi və əlbəttə, bundan daha çox əziyyət çəkən də ən yoxsul icmalar oldu. Onların bu fəlakətdən sonra bərpa olunması uzun illər çəkdi. Bu, indi də öz aktuallığını qoruyan bir dərsdir. İqlim dəyişikliyinin sürətlənən təsirləri ilə üz-üzə qaldığımız bir dövrdə, biz çox qəti şəkildə inanırıq ki, geofiziki təhlükələr - zəlzələlər, vulkanlar və digər risklər unudulmamalıdır. İqlimlə bağlı fəlakətlərin sayı və intensivliyi artır, lakin seysmik risklər xüsusilə sürətlə urbanizasiya olunan bölgələrdə şəhərlər və milli iqtisadiyyatlar üçün hələ də dağıdıcı təhlükə olaraq qalır. Buna görə də risklər arasında süni bir iyerarxiya yaratmağa haqqımız yoxdur. Həqiqətən, dayanıqlı cəmiyyət həm iqlim, həm geofiziki, həm də ekoloji və texnoloji təhlükələrə hazır olmalıdır".
Mənbə: report.az