Rusiyanın Tula şəhərindən olan psixiatr-narkoloq Yuliya Perminova alkoqol asılılığının yarandığını göstərən ilkin xəbərdarlıq əlamətlərini sadalayıb.
Lent.az xəbər verir ki, mütəxəssis bu barədə "RIA Novosti" agentliyinə müsahibəsində danışıb.
Yuliya Perminovanın sözlərinə görə, bu təhlükəli simptomların bir çoxunu insan özündə müstəqil şəkildə müəyyən edə bilər.
Həkim asılılığın formalaşdığını göstərən əsas halları belə qruplaşdırıb:
- Tezliyin artması və bəhanələr: İçki qəbulu tezliyinin artması (məsələn, ayda bir dəfə əvəzinə artıq həftədə bir dəfəyə keçmək) və spirtli içki qəbul etmək üçün durmadan yeni səbəblərin axtarılması;
- Psixoloji asılılıq: Qarşıdan gələn məclis və ya içki qəbulu haqqında düşündükdə əhvali-ruhiyyənin birdən-birə yaxşılaşması. İnsanlardan və ya deyilən tostlardan asılı olmayaraq, sadəcə içmək xatirinə prosesi davam etdirmək;
- Gizli və fərdi qəbul: Təklikdə, gizlicə və heç bir səbəb olmadan spirtli içki içmək istəyi;
- Yaddaş və davranış pozuntuları: Sərxoşluq zamanı davranış xarakterinin aqressivləşməsi və ya kəskin dəyişməsi, alkoqol qəbulundan sonra baş verən hadisələrin yaddaşdan silinməsi (amneziya).
Ekspert alkoqola qarşı emosional reaksiyanın dəyişməsini ən ciddi mərhələlərdən biri hesab edir:
"Əgər əvvəllər alkoqol insanı sadəcə "yaxşı hiss etdirirdisə", asılılıq yarandıqdan sonra o, "alkoqolsuz özünü pis hiss etməyə" başlayır. Sərxoşluq fonunda alınan yüngül xəsarətlər, sənədlərin, pulların və şəxsi əşyaların tez-tez itirilməsi, zaman və məkanda oriyentasiyanın pozulması da əlavə simptomlardır".
Narkoloq xəbərdarlıq edib ki, əgər insanda sadalanan əlamətlərdən ən azı üçü və ya daha çoxu eyni vaxtda müşahidə olunursa, vaxt itirmədən peşəkar mütəxəssisə müraciət etmək lazımdır.
alkoqol asıllığıMənbə: lent.az