IMG-LOGO

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb

21 May 2026 09:55 3 baxış
IMG

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün əhəmiyyətli maliyyə resursları ayrılıb.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı" adlı sessiyada deyib.

Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dağıdılıb:

"Bəzi rayonlarda dağıntının miqyası son dərəcə böyük olub. Lakin yenidənqurma yalnız kərpic və beton işlərindən ibarət deyil. Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri üçün artıq əhəmiyyətli maliyyə resursları ayrılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndləri uzunmüddətli dayanıqlılıq, inklüzivlik və davamlılıq baxışı əsasında sıfırdan qururuq. Bizim yanaşmamız bir əsas prinsipə söykənir: Mənzil təminatı birinci yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və inam qaytarır".

Xüsusi nümayəndə əlavə edib ki, ailələr təhlükəsiz şəkildə evlərinə qayıdanda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur:

"Artıq çox sayda keçmiş məcburi köçkün yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və yaxın illərdə daha çox insanın doğma yurda qayıtması gözlənilir. Yeni yaşayış massivləri, məktəblər, səhiyyə müəssisələri və ictimai xidmətlər normal həyatın bərpası istiqamətində fəaliyyətə başlayır".

E.Hüseynovun fikrincə, azad olunmuş ərazilərdəki yenidənqurma işləri zamanı keçmiş dövrə xas çatışmazlıqlar təkrarlanmamalıdır:

"Bu səbəndən, biz daha yaxşı, daha" ağıllı" və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Ona görə də Azərbaycan yenidənqurma prosesində müasir şəhərsalma, yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastrukturu üstün tutur. "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası vasitəsilə Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan dayanıqlı icmalar qururuq. Pilot layihələr və innovativ texnologiyalar bu prosesin aparıcı nümunələridir".

Mənbə: report.az

Xəbər lenti