IMG-LOGO

May Abdel Hamid: "Misirdə evi olan şəxslərin dövlət proqramından yararlanması məhdudlaşdırılıb"

21 May 2026 10:49 3 baxış
IMG

Misirdə evi olan şəxslərin dövlət proqramından yararlanması məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, bunu Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Abdel Hamid Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"2015-ci ildə ilkin 200 milyon ABŞ dollarından əlavə olaraq 500 milyon dollarlıq bir kredit müqaviləmiz var idi, daha sonra isə daha 500 milyon ABŞ dolları əlavə olundu, beləliklə, subsidiyalar üçün Dünya Bankından ümumilikdə 1,2 milyard ABŞ dolları əldə etdik. Lakin bu subsidiya üçün biz elə bir sistem qurduq ki, o, həqiqətən ehtiyacı olan insanlara çatsın. Müxtəlif gəlir kateqoriyalarına fərqli subsidiya məbləğləri tətbiq olunur. Hər il gəlir tavanı (yuxarı həddi) müəyyən edirik, mülkiyyətində ev olan insanların proqramdan yararlanmasına icazə vermirik. Biz bütün zəruri xidmətləri, kommunikasiyaları olan yeni şəhərlər salmalı və onların böyük şəhərlərlə nəqliyyat əlaqəsini təmin etməli idik, bu isə böyük investisiyalar demək idi. ​Lakin subsidiya vəsaitləri bizə özəl banklardan daha çox maliyyə cəlb etməyə (mobilizasiya etməyə) kömək etdi. Beləliklə, biz sıfır nöqtəsində olan ipoteka bazarının həcmini hazırda yalnız bankımız vasitəsilə müraciət edən aztəminatlı benefisiarlara verilən 2,5 milyard ABŞ dollarından çox ipoteka məbləğinə çatdırdıq. Bundan əlavə, bu sistem digər gəlir səviyyələrinə də şamil olundu, çünki biz bütöv bir mənzil maliyyələşdirilməsi sistemi yaratmışdıq", - deyə o qeyd edib.

Misir rəsmisinin sözlərinə görə, başlanğıcda ölkədə üç dövlət bankı olub, onlar hökumətin subsidiyalaşdırılmış proqramlarına müraciət edən benefisiarları maliyyələşdirməyə məcbur edilib: "Lakin biz bu mexanizmi çox yaxşı strukturlaşdırdığımız və borc verənlər üçün düzgün stimullar müəyyən etdiyimiz üçün, hazırda 32-dən çox kredit təşkilatı ilə əməkdaşlıq edirik ki, bu da bank sektorunun 60 %-dən çoxunu təşkil edir. Bura xarici banklar, regional banklar və s. daxildir. Çünki biz bazar dərəcəsinə uyğun bir məhsul formalaşdıra bildik. Biz hər ay borc verən tərəflərə faiz dərəcəsi subsidiyası ödəyirik. Benefisiarlara isə ilkin ödənişdən çıxılmaqla nağd subsidiya ödəyirik. Beləliklə, ev müəyyən mənada çox yaxşı subsidiyalaşdırılır və bu, benefisiarların ödənişləri vaxtında və yaxşı şəkildə qaytarmasını təmin edir. Nəticədə, indiyə qədər kifayət qədər yaxşı NPL (vaxtı keçmiş kreditlər) nisbətimiz var".

Mənbə: report.az

Xəbər lenti