Qəzza zolağının və Suriyanın bərpası yalnız dağıdılmış ərazilərin yenidənqurmasına deyil, ilk növbədə mənzil, torpaq və təhlükəsizlik hüquqları da daxil olmaqla insan hüquqlarına riayət olunmasına əsaslanmalıdır.
"Report" xəbər verir ki, bunu BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bərpa işləri yalnız yeni binaların və infrastrukturun inşası ilə məhdudlaşmamalıdır, çünki söhbət həm də münaqişələrdən zərər çəkmiş milyonlarla insanın etibarının, sosial həmrəyliyinin və əsas hüquqlarının bərpasından gedir.
P. Qaviriya vurğulayıb ki, mənzil, torpaq və əmlak hüquqları nəzərə alınmadan yenidənqurma prosesləri yalnız mövcud bərabərsizliyi daha da kəskinləşdirə və əhalinin məcburi köçkünlüyünün davam etməsinə səbəb ola bilər.
"Bərpa - yalnız şəhərlərin yenidən qurulması deyil, həm də hüquqların, etibarın və sosial həmrəyliyin bərpasıdır. Mənzil, torpaq və əmlak hüquqları nəzərə alınmadan yenidənqurma insanların məcburi köçkünlüyünü uzatmaq və mövcud bərabərsizliyi dərinləşdirmək riski daşıyır. Özəl sektor və podratçılar da daxil olmaqla, bərpa prosesinin bütün iştirakçıları hüquq müdafiəsi yanaşmasına əməl etməyə borcludurlar", - xüsusi məruzəçi bildirib.
Mənbə: report.az