Kriminal aləmdə “Dato Svan” kimi tanınan Gürcüstan əsilli “qanuni oğru” David Çaçibay Rusiyanın Ali Məhkəməsinə qədər gedib çıxıb. O, barəsində çıxarılan 15 illik həbs hökmündən şikayət edib.
Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs Rusiyanın ən yüksək məhkəmə instansiyasında həm ona “qanuni oğru” statusunun verilməsinin qanuniliyini, həm də cinayət iyerarxiyasında ən yüksək mövqe tutması maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını mübahisələndirməyə çalışır.
Xatırladaq ki, 2024-cü il sentyabrın 16-da Moskva Şəhər Məhkəməsi 50 yaşlı David Çaçibayı cəzasını ciddi rejimli həbsxanada çəkməklə 15 il azadlıqdan məhrum edib. O, cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda (Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) və mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda hədə-qorxu ilə pul tələb etməkdə (163-cü maddə) təqsirli bilinib.
İstintaq və məhkəmə müəyyən edib ki, Çaçibayın başçılıq etdiyi cinayətkar dəstə 2020-ci ildə bir kişidən hədə-qorxu yolu ilə 15 milyon rubl tələb edib. Həmçinin məlum olub ki, o, 2014-cü ildə Türkiyədə olarkən videoəlaqə vasitəsilə kriminal avtoritetlərlə görüşdə iştirak edib. Həmin görüş zamanı ona Moskva, Sankt-Peterburq, Smolensk, Ulyanovsk və Leninqrad vilayətlərində yerləşən cəzaçəkmə müəssisələrində cinayətkar təsir zonası həvalə olunub. Elə həmin vaxt Dato Svan videoəlaqə vasitəsilə uzaqdan “taclandırılıb”.
2021-ci ildə təqsirləndirilən şəxs hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə qiyabi həbs olunub və İnterpol xətti ilə axtarışa verilib. 2022-ci ilin mayında isə o, Misirdən Rusiyaya ekstradisiya edilib.
İstintaq təcridxanasında olarkən Çaçibay özü “qanuni oğru” olduğunu etiraf edib.
Hadisələr kriminal xəbərlər qanuni oğru kriminal avtoritetlər
Mənbə: lent.az