2050-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin ümumi dünya şəhər əhalisində xüsusi çəkisi 30 %-ə yaxınlaşacaq.
"Report"un məlumatına görə, bunu SESRIC-in (İƏT-in Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsi" mövzusunda keçirilən panel müzakirəsində bəyan edib.
"Bu cür urbanizasiya templəri milyonlarla yeni iş yerinin formalaşmasını və şəhər infrastrukturunun köklü şəkildə dəyişdirilməsini nəzərdə tutur. Təşkilatın bir sıra üzv dövlətlərində müəssisələrin ümumi sayının 90 %-nə qədərini təşkil edən kiçik və orta müəssisələr bu prosesdə həlledici rol oynamalıdır.
Məhz KOM seqmenti bu çağırışlara vaxtında cavab verməyə, şəhərləri zəruri xidmətlərlə təmin etməyə və iqtisadi dayanıqlığa töhfə verməyə qadirdir. Bununla əlaqədar kiçik biznesin inkişafına investisiya qoyuluşu strateji cəhətdən mühüm istiqamətdir", - Z.Selçuk bildirib.
Mənbə: report.az