Rusiyada milyarder faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Leninqrad vilayətinin Miçurinskoye qəsəbəsində baş verib. Milyarder Mixail Smirnov motosikletlə “Haval” markalı minik avtomobilinin toqquşması nəticəsində həlak olub. Faciə onun idarəetməni itirməsi səbəbindən baş verib.
İlkin məlumata görə, biznesmenin idarə etdiyi motosiklet qarşı hərəkət zolağına çıxıb və bundan sonra avtomobillə toqquşma baş verib. Hadisə şahidlərinin çəkərək internetdə yaydığı görüntülərdə böyük dağıntılar görünür: “Haval” markalı avtomobilin ön hissəsi ciddi zədələnib, yaxınlıqda isə yolun üzərində əzilmiş motosiklet qalıb.
52 yaşlı Mixail Smirnov qəza nəticəsində aldığı ağır xəsarətlər səbəbindən təcili tibbi yardım gələnə qədər ölüb.
Həlak olan şəxs Rusiya biznesinin iri fiqurlarından biri hesab olunurdu və ölkənin ən varlı insanları sırasında yer alırdı. Məlumatlara görə, 2024-cü ilin yekunlarına əsasən Mixail Smirnov Rusiyanın milyarderləri siyahısında 108-ci yerdə qərarlaşıb. O, təxminən on müxtəlif hüquqi şəxsdən ibarət geniş aktiv portfelinə nəzarət edirdi.
Yanacaq biznesi ilə yanaşı, Smirnovun maraq dairəsi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edib. O, logistika və yükdaşıma, restoran biznesi, daşınmaz əmlak əməliyyatları və maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərlə birbaşa əlaqəli olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Hadisələr ölüm yol qəzası milyarder RusiyaMənbə: lent.az