İnternetdə LG şirkətinin heç vaxt satışa çıxarılmayan eksperimental smartfonu "LG Rollable" haqqında ətraflı analiz yayılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, blogger JerryRigEverything tərəfindən yayımlanan videoda cihazın nə qədər mürəkkəb və təsirli mexanizmə malik olduğu göstərilib.
Adi istifadə zamanı telefonun ekranı 5.5 düym ölçüsündə olurdu, lakin xüsusi mexanizm aktivləşdirildikdə ekran hamar şəkildə 7.5 düymə qədər genişlənirdi və bu zaman heç bir qatlanma izi və ya bükülmə görünmürdü.
Bu texnologiya cihazın daxilində yerləşdirilmiş mürəkkəb mexaniki sistem sayəsində mümkün olub. Telefonun içində dişli ötürücülü motorlar və yaylı mexanizmlər yerləşdirilib ki, bunlar birlikdə ekranın sinxron və sarsıntısız şəkildə genişlənməsini təmin edir. Bununla yanaşı, proqram təminatı da bu dəyişikliklərə uyğun işləyirdi və ekran ölçüsü dəyişdikcə interfeys avtomatik uyğunlaşırdı. Telefonun arxa hissəsi isə əlavə ekran kimi istifadə edilərək bildirişlər və selfilər üçün nəzərdə tutulmuşdu.
Araşdırma zamanı cihazın zəif tərəfləri də üzə çıxıb. Onun istehsalı olduqca mürəkkəb və bahalı idi, eyni zamanda su və toza qarşı qorunmanın olmaması real istifadə zamanı davamlılıqla bağlı ciddi suallar yaradırdı. Mütəxəssislər hesab edir ki, məhz bu səbəblər LG-nin bu modeli bazara çıxarmamasına gətirib çıxarıb.
Bununla belə, cihazın mühəndislik baxımından yüksək səviyyədə hazırlandığı qeyd olunur. Smartfon tam şəkildə sökülüb yenidən yığıldıqdan sonra problemsiz işləməyə davam edib. Texniki xüsusiyyətlərinə görə isə LG Rollable öz dövrünün flaqman modelləri ilə müqayisə edilə biləcək səviyyədə idi. Cihaz 4500 mAh batareya, optik stabilləşdirməyə malik 64 meqapiksellik əsas kamera, 12 meqapiksellik ultra-geniş bucaqlı kamera, arxa paneldə barmaq izi skaneri və USB-C portu ilə təchiz olunmuşdu.
Qeyd edək ki, LG 2021-ci ildə smartfon istehsalını dayandırıb və 2025-ci ilin iyun ayında bütün əvvəlki modellərə dəstəyini də rəsmi olaraq sonlandıraraq mobil bazardan tamamilə çıxıb. Son dövrlərdə isə Samsung kimi şirkətlər bükülə bilən və yeni formalı smartfon konseptləri üzərində işləməyə davam edir.
texno

Mənbə: lent.az