Ginnesin Rekordlar Kitabına düşən, boyu cəmi 72 santimetr olan Vayldin Aumoyt ABŞ-də kollec təhsilini başa vurub və qrafik dizayn sahəsində öz biznesini qurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-li Vayldin Aumoyt müstəqil şəkildə hərəkət edə bilməyən ən qısa boylu qadın kimi tanınır.
O, həmçinin Ginnesin Rekordlar Kitabına dünyanın ən qısa boylu peşəkar modeli kimi düşüb. İndi isə onun uğurlar siyahısına bakalavr diplomu da əlavə olunub. Vayldin Liberti Universitetində qrafik dizayn ixtisası üzrə təhsilini tamamlayıb.
Dörd illik təhsildən sonra o, frilans qrafik dizayner kimi fəaliyyətə başlayıb və “The Wild Creative Co” adlı şəxsi brendini yaradıb.
“Bu, möhtəşəm hissdir. Yol uzun olsa da, nəticədə buna dəyərdi. İndi isə özümə daha çox vaxt ayıra biləcəyimi düşünürəm”, – Vayldin bildirib.
Yayılan yeni fotolarda o, universitetin tünd-göy rəngli məzun mantiyası və papağında görüntülənib. Vayldin ötən ilin sonunda təhsilini fərqlənmə ilə bitirməyi, model karyerasına qayıtmağı, yenidən “Nyu-York Fashion Week”də iştirak etməyi və kosmetik brendlərlə əməkdaşlıq etməyi planlaşdırdığını açıqlamışdı.
O, daha çox səyahət etmək, sosial şəbəkələrini biznesə çevirmək və yeni dünya rekordu qazanmaq arzusunda olduğunu da deyib.
Qeyd edək ki, hazırda dünyanın ən qısa boylu qadınının boyu 63 santimetr, çəkisi isə 5,3 kiloqramdır.
Kollec məzunu qısa boylu qadınMənbə: lent.az