Vyetnamın bəzi vilayətlərində məktəblərin magistral yola yaxınlığı qəzalara səbəb olur.
"Report" xəbər verir ki, bunu "FIA" Fondunun Uşaq və Gənclər Sağlamlığı direktoru Atsani Ariobovo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə məktəblərin çox olduğu əyalətlərdən biri də Hayzyondur:
"Burada məktəblər uşaqların həyatını itirdiyi bir məkan kimi ağır hadisələrlə yadda qalır. Məktəb regional yolun yaxınlığında yerləşir. Uşaqların yük maşınları və avtomobillərlə eyni yolu keçməsi icma üçün böyük təhlükə yaradır".
Direktor qeyd edib ki, buna görə məktəb Vyetnamda fəaliyyət göstərən "Asia Injury Prevention Foundation" rəhbərliyindəki koalisiyaya qoşuldu, təlimlər aldı, təhlükəsiz məktəb zonası modelindən istifadə etdi və Milli Yol Təhlükəsizliyi Komitəsi ilə birlikdə Tikinti Nazirliyinin dəstəyini qazandı:
"Bu proses iki məktəbdən başlayaraq yeddi il ərzində əyalət üzrə 36 məktəbə qədər genişləndi. Daha sonra isə nazirlik bu təşəbbüsü bəyəndi və ölkənin bütün 67 əyalətində tətbiq olunması üçün rəsmi qərar qəbul etdi".
A.Ariobovo bu layihənin sözügedən problemlərdən əziyyət çəkən ölkə və şəhərlərdə də tətbiq olunmasının məqsədəuyğun olduğunu deyib
Mənbə: report.az