Ukraynada yeni mənzil siyasəti haqqında qanun qəbul edilib və köhnə Mənzil Məcəlləsi ləğv olunub.
"Report" xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı, Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədri Olena Şuliak Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yeni qanun Ukraynada müasir, şəffaf və keyfiyyətli mənzil siyasətinin formalaşdırılması üçün yeni imkanlar yaradır: "Bu qanun Ukraynaya ədalətli mənzil çıxışı təmin edən müasir mənzil siyasəti qurmağa imkan verir. Rusiyanın hücumları nəticəsində Ukraynada mənzil fondunun 13 %-i dağıdılıb. 2,5 milyon ailənin evi zədələnib və ya tamamilə dağılıb. Bu, 70 milyon kvadratmetrdən çox yaşayış sahəsi deməkdir".
O qeyd edib ki, hazırda Ukraynada rəsmi qeydiyyatda olan məcburi köçkünlərin sayı təxminən 5 milyona yaxındır: "Bununla yanaşı, 6,5 milyondan çox ukraynalı hazırda xaricdə yaşayır. Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsində köhnə mənzil qanunvericiliyinin yenilənməsi mühüm öhdəliklərdən biri idi".
Mənbə: report.az