Ukraynaya mənzillərin bərpası və daxili məcburi köçkünlərə dəstək üzrə vahid dövlət strategiyası lazımdır.
"Report" xəbər verir ki, bu barədə ukraynalı deputat Pavlo Frolov WUF13-dəki tədbir çərçivəsində etdiyi videomüraciətdə bildirib.
Onun sözlərinə görə, hazırda dövlət qurumları, bələdiyyələr, parlament, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar çox vaxt vahid sistem çərçivəsində deyil, paralel olaraq işləyirlər.
Frolov bildirib ki, daxili məcburi köçkünlərin əmlak və qeyri-əmlak hüquqları üzrə xüsusi parlament komissiyası iki il ərzində vahid reyestrin, ümumi qiymətləndirmə metodologiyasının və mənzillərin bölgüsünə dair şəffaf mexanizmin yaradılmasını təşviq edib.
"Biz hələ də lazımi koordinasiya səviyyəsinə çatmamışıq", - o vurğulayıb.
Deputatın sözlərinə görə, Ukraynanın mənzil sektorunun bərpası pərakəndə pilot layihələrlə məhdudlaşmamalıdır: ölkəyə qanunvericilik, maliyyə və institusional mexanizmləri olan tamdəyərli strategiya lazımdır.
Mənbə: report.az