IMG-LOGO

Xüsusi nümayəndə: İşğal dövründə Kəlbəcərin zəngin təbii sərvətləri amansız şəkildə istismar olunub

21 May 2026 17:44 3 baxış
IMG

Kəlbəcərin zəngin təbii sərvətləri və ekoloji mühiti amansız şəkildə istismar olunub.

"Report" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər:Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib

O bildirib ki, rayon ərazisindəki meşələr məhv edilib, təbii sərvətlər talan olunub, su ehtiyatlarına və biomüxtəlifliyə ciddi ziyan vurulub:

"Rayonun iqtisadi potensialı, turizm imkanları və illərlə formalaşmış sosial infrastrukturu darmadağın edilib. İnsanlar isə doğma yurdlarından məcburi şəkildə didərgin salınıblar. Bu səbəbdən, bu gün Kəlbəcərdə həyata keçirilən layihələr təkcə tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın yenidən doğma torpaqlara qaytarılmasını ifadə edir".

Xüsusi nümayəndə qeyd edib ki, bölgədə həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlişini dəstəkləyir, əhalinin dayanıqlı məskunlaşmasını təmin edir, davamlı iqtisadi fəaliyyəti qoruyur və bu ərazilərin yüksək inkişaf etmiş bölgələrə çevrilməsi üçün möhkəm zəmin yaradır:

"Eyni zamanda, həyata keçirilən proseslər işğal dövründə ərazilərimizdə törədilən dağıntıların, vandalizm aktlarının, ekoloji mühitə və mədəni irsə vurulan zərərlərin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Mənbə: report.az

Xəbər lenti