IMG-LOGO

Azərbaycanın bu təcrübəsi gələcəyin şəhərsalma modellərinə nümunədir - “Euronews”un reportajı

22 May 2026 11:26 5 baxış
IMG
0 0

Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi şəhərsalma, infrastrukturun inkişafı və sıfırdan ağıllı yaşayış məkanlarının qurulması baxımından gələcəyin şəhər planlaşdırıcıları üçün mühüm dərslər təqdim edir.

Lent.az xəbər verir ki, bu barədə “Euronews”un “Münaqişədən sonrakı yenidənqurma təcrübəsi gələcəyin şəhərlərini necə formalaşdıra bilər?” sərlövhəli reportajında bəhs olunur.

Reportajda Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı “Euronews”a müsahibəsindəki fikirlərinə yer verilib.

Belə ki, Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma proqramının artıq beynəlxalq səviyyədə maraq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, əldə olunan təcrübə oxşar problemlərlə üzləşən digər ölkələr üçün də faydalı nümunə ola bilər. Onun sözlərinə görə, münaqişədən sonrakı dövrdə bərpa prosesinin uğuru yalnız infrastrukturun yenilənməsi ilə deyil, insanların təhlükəsiz və dayanıqlı yaşayış şəraitinin təmin olunması ilə ölçülür.

Dövlət başçısı bildirib ki, Azərbaycan infrastrukturun, yaşayış məntəqələrinin və “ağıllı icmalar”ın yaradılmasına yönələn irimiqyaslı investisiyalar hesabına münaqişədən sonrakı bərpa üzrə özünəməxsus model formalaşdırıb. Bu model çərçivəsində keçmiş münaqişə zonalarında yollar, dəmir yolları, məktəblər, xəstəxanalar, enerji və kommunal şəbəkələr paralel şəkildə yenidən qurulur.

Belə ki, Azərbaycanın yanaşması təkcə dağıdılmış ərazilərin bərpasını deyil, eyni zamanda, müasir texnologiyalar əsasında yeni yaşayış məkanlarının yaradılmasını da əhatə edir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi regionun uzunmüddətli inkişafına xidmət edən əsas istiqamətlərdən biri kimi qiymətləndirilir.

Azərbaycanın bərpa strategiyasında davamlı şəhərsalma prinsipləri xüsusi yer tutur. Bu yanaşma müasirləşmə prosesinin tarixi, mədəni və memarlıq irsinin qorunması ilə uzlaşdırılmasına əsaslanır. Məqsəd həm müasir tələblərə cavab verən yaşayış məkanları yaratmaq, həm də bölgələrin tarixi kimliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdır.

Reportajda o da vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr münaqişədən sonrakı yenidənqurma prosesinin şəhərsalma, dayanıqlı inkişaf və innovativ planlaşdırma baxımından uğurlu nümunələrindən biri kimi beynəlxalq müzakirələrin mərkəzində yer alır.

WUF13

Mənbə: lent.az

Xəbər lenti