IMG-LOGO

WUF13-də münaqişədən sonrakı ərazilərdə mənzil təminatı müzakirə edildi

22 May 2026 10:55 3 baxış
IMG
2 0

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində “Housing Inclusion and Resilient Communities in Post-Conflict Territories” (Münaqişədən sonrakı ərazilərdə mənzil təminatı və davamlı icmalar) mövzusunda tədbir təşkil olunub.

Tədbir QHT Agentliyinin platformasında baş tutub.

Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş Meksika səfiri Maria Viktoria, Milli Məclisin deputatları Vüqar Bayramov, Rizvan Nəbiyev, Sevinc Fətəliyeva, həmçinin Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak ediblər.

Panel müzakirələrində postmünaqişə dövründə ərazilərin bərpası, dayanıqlı və inklüziv yaşayış mühitinin yaradılması, sosial inteqrasiya və icmaların inkişafı istiqamətində görülən işlər müzakirə olunub. Çıxış edənlər beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və sosial həmrəyliyin postmünaqişə ərazilərində davamlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbir iştirakçıları bu kimi platformaların təcrübə mübadiləsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini qeyd ediblər.

Rizvan Nabiyev 13-cü Dünya Şəhərsalma Forumunda çıxışı zamanı münaqişədən sonrakı ərazilərdə qadınların rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dayanıqlı şəhər inkişafı yalnız infrastrukturun bərpası ilə deyil, qadınların qərarvermə, şəhər idarəçiliyi və yenidənqurma proseslərində fəal iştirakı ilə mümkündür.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı yenidənqurma layihələrindən danışaraq, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edildiyini qeyd edib.

O vurğulayıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışı əsas prioritetdir.

Çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunan deputat, qadınların sülh və bərpa proseslərində iştirakının uzunmüddətli sabitlik üçün mühüm amil olduğunu diqqətə çatdırıb.

 

Deputat Vüqar Bayramov diqqətə çatdırıb ki, şəhərsalma yalnız texniki və infrastruktur məsələsi deyil, həm də gender bərabərliyi və inklüzivliyi nəzərə alan strateji yanaşmadır: “Qadın sahibkarlığının dəstəklənməsi və inklüziv inkişaf şəhərsalma siyasətinin əsas prioritetləri sırasındadır. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mini ötür və onlar ölkədəki fərdi sahibkarların təxminən 25 faizini təşkil edir. Qadın sahibkarların təxminən 30 faizi paytaxt Bakı şəhərində qeydiyyatdan keçib. Qlobal miqyasda təxminən 274 milyon qadın sahibkar biznes fəaliyyəti ilə məşğuldur və startapların yaranma tempi əsasən kapitala, istedadlı kadrlara və resurslara çıxışın cəmləşdiyi şəhər mərkəzlərində daha yüksəkdir. Dünyada qadın sahibkarların 70 faizdən çoxu iri şəhərlərdə fəaliyyət göstərir. Avropa ölkələrində qadınlar tərəfindən qurulan startapların 70–80 faizi öz fəaliyyətini dayanıqlı şəhər startap ekosistemlərində qurur”.

Meksika səfiri Maria Viktoria bildirib ki, burada çoxlu gənclər, sahibkarlar, müxtəlif sahələrdə fəaliyyət göstərən gənc qadınlarla tanış olmaq şansı olub: “Xaricdən olan qadınların evdən çıxaraq işləməyə çalışması vacibdir. Bu, onların icmalarına verdiyi töhfədir və xüsusilə Paraqvayda bunun çox yaxşı təcrübə olacağını düşünürəm. İnsanların işləyərək öz pullarını qazana biləcəyi xidmətlər olacaq və onlar öz peşələrini də inkişaf etdirə biləcəklər. Mən bunu Meksikada da görürəm, çünki bizim Azərbaycana bənzər, ehtiyacları oxşar olan icmalarımız var. Hamımız bir-birimizdən öyrənə bilərik və bu həftə mənim də öyrəndiyim əsas məsələlərdən biri budur”.

Tədbir panel sessiyası ilə davam edib. Panel sessiyasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Bakcell” şirkətində İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə direktor Aysel Süleymanova çıxış edib və müzakirədə öz fikirlərini bölüşüb.APA 

WUF13

Mənbə: lent.az

Xəbər lenti