Paraqvayda süni intellektdən istifadə etməklə qeyri-rəsmi yaşayış məskənlərinin xəritəyə alınması üzrə pilot layihə başlayır.
"Report" xəbər verir ki, bu barədə "Inter-American Development Bank"nın (IDB) süni intellekt üzrə mütəxəssisi Antonio Vaskes WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu həftə Paraqvayın ən böyük üç şəhərində süni intellekt texnologiyalarının tətbiqi ilə qeyri-rəsmi yaşayış məskənlərinin xəritəyə alınması üzrə pilot layihə başlayacaq. Təşəbbüs IDB və "IDE Atlas"ın iştirakı ilə həyata keçirilir və coğrafi məlumatlar eləcə də, peyk təsvirləri ilə işləmək üçün hazır praktiki təlimatı özündə ehtiva edir.
Layihəyə Paraqvayın Urbanizm Nazirliyi və Milli Statistika İnstitutu da qoşulub. Sistem peyk məlumatlarını avtomatik emal etməyə və qeyri-rəsmi zonaların aşkar edilməsi üçün əvvəlcədən öyrədilmiş modellərdən istifadə etməyə imkan verir.
Vaskes qeyd edib ki, məlumatları düzəldə biləcək və öz ərazilərindən nümunələr təqdim edə biləcək yerli mütəxəssislərin iştirakı ilə xəritələrin dəqiqliyi əhəmiyyətli dərəcədə artacaq.
Mənbə: report.az