İqlim fəlakətləri Latın Amerikasında mənzil böhranını dərinləşdirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərindən təsirlənən yeganə sahə mənzil sektoru deyil: "Lakin bir çox hallarda bu hadisələrin ən ağır təsirinə məruz qalan əsas sosial sahələrdən biri məhz mənzil təminatıdır. Xəritəyə baxdıqda görürük ki, bir sıra ölkələrdə təbii fəlakətlərin vurduğu zərər ümumi daxili məhsulun 3 %-nə qədərini təşkil edir. Qayana və Honduras kimi ölkələrdə isə bu göstərici 3 %-i də ötür.
Bu isə xüsusilə kiçik iqtisadiyyatlar üçün bir iqlim hadisəsinin belə dağıdıcı və ölçüyəgəlməz nəticələr yaratdığını göstərir. Söhbət yalnız binaların zədələnməsindən getmir. Mənzil milyonlarla ailə üçün əsas aktiv və həyat təminatıdır. Buna görə də təkrarlanan dağıntılar regionda yoxsulluq tələlərinin daha da dərinləşməsinə səbəb olur.
Yaxın keçmişdə Karib hövzəsini vuran "Dorian" qasırğası zamanı Baham adalarının iki adasında mənzillərin 43%-i tamamilə dağıdılmışdı. Bu, minlərlə ailə üçün son dərəcə ağır sosial və iqtisadi zərbə demək idi. Beləliklə, Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyanın (CEPAL) qiymətləndirmələrinə görə, mənzil məsələsi regiondakı bir neçə struktur problemin kəsişməsində dayanır. Bunlara məhsuldarlığın zəif artımı, yüksək qeyri-bərabərlik, institutlararası koordinasiyanın zəifliyi və iqlim risklərinə artan həssaslıq daxildir. Məhz bu amillər hazırda regionun üzləşdiyi inkişaf böhranını daha da dərinləşdirir".
Mənbə: report.az