Tarixi irsin qorunması sahəsində "rəqəmsal əkiz" və ya "rəqəmsal klon" texnologiyalarının tətbiqi vacib hesab olunur.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsal sektor müdiri Rəsul Çopurov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, rəqəmsal əkiz sistemi tarixi abidələrin və qoruqların mühafizəsində mühüm rol oynayır: "Bu, əslində yeni şey deyil. Pasportlaşdırmanın növbəti mərhələsidir və müasir texnoloji imkanlarla həyata keçirilir. Bu texnologiya insan faktorunun müəyyən qədər azalmasına da imkan yaradır".
Sektor müdiri əlavə edib ki, rəqəmsal sistemlər və məlumat bazaları sadəcə vasitəçi rolunu oynayırlar: "Heç bir rəqəmsal klon özü qərar verməyəcək. Bütün bu vasitələri yenə insanlar işlədəcək. Qoruq və muzey işi xüsusi həvəs və yanaşma tələb edən sahədir. Yeni nəslin mədəni irsə bağlı ruhda formalaşdırılması və bu dəyərlərin təbliği qoruqların əsas missiyalarından biri olmalıdır".
Bununla yanaşı, onun sözlərinə görə, tarixi məkanlarda həddindən artıq rəqəmsallaşma müəyyən risklər yaradır: Muzey və qoruqlarda fiziki təcrübə və canlı təmas qorunmalıdır. Heç bir rəqəmsal kontent taktil hissləri əvəz edə bilməyəcək. Son dövrlər bəzi muzeylərdə fiziki eksponatlardan daha çox ekranlardan istifadə olunur. Bir müddət sonra ekranların bir hissəsi işləmir və ziyarətçi ilə məkan arasında əlaqə zəifləyir. insanın toxuna, hiss edə və duya bildiyi elementlər tarixi irsin təqdimatında xüsusi əhəmiyyət daşıyır".
Mənbə: report.az