Mənzil tikintisi tempini sürətləndirmək və mənzillərin dəyərini aşağı salmaq üçün qanunverici orqanlar bürokratik əngəlləri və inzibati məhdudiyyətləri aradan qaldıraraq çevik və əlverişli tənzimləyici mühit formalaşdırmalıdırlar.
"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim üzrə yüksək səviyyəli lideri, Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda keçirilən WUF13-də bildirib.
"Bütün dünyada mənzil tikintisini sürətləndirmək və ucuzlaşdırmaq üçün qanunverici orqanlar çevik tənzimləyici mühit yaratmalıdırlar", - o bildirib.
N.Arpadarai vurğulayıb ki, bürokratik əngəllər və inzibati gecikmələr tikinti obyektlərinin yekun dəyərini əhəmiyyətli dərəcədə artırır:
"Parlamentin rolu maneələri aradan qaldıran şəraitin formalaşdırılmasından ibarətdir".
Deputatın sözlərinə görə, modul tikinti və evlərin 3D çapı da daxil olmaqla müasir innovativ həllər ənənəvi tikinti üsulları ilə müqayisədə hələ ki daha bahalı olaraq qalır.
O vurğulayıb ki, bu cür texnologiyaların geniş miqyasda tətbiq edilməsi və onların maya dəyərinin aşağı salınması üçün dövlət dəstəyi, özəl investisiyaların cəlb olunması və istehsal güclərinin inkişaf etdirilməsi zəruridir.
Mənbə: report.az