İqlim miqrasiyasının, silahlı münaqişələrin artması şəhərlərə təzyiqi artırır və şəhər planlaşdırmasını çətinləşdirir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, sürətli urbanizasiya bir çox hallarda müharibələr, ərzaq böhranları və iqlim dəyişikliyi ilə bağlıdır.
M.Babayev qeyd edib ki, qarşıdakı 20 il ərzində iqlim amillərinə görə təxminən 260 milyon insan öz ölkələri daxilində köçmək məcburiyyətində qalacaq.
O vurğulayıb ki, kütləvi miqrasiya infrastruktura əlavə yük yaradır və şəhərlərin planlı şəkildə inkişaf etməsinə mane olur.
M.Babayev həmçinin qlobal hərbi xərclərin artmasına diqqət çəkib.
Onun sözlərinə görə, 2024-cü ildə müharibələrə və silahlanmaya 2,7 trilyon dollar xərclənib, bu da iqlim, sosial və humanitar proqramların maliyyələşdirilməsini azaldır:
"Bu gün şəhərlərə düşən təzyiqi azaltmaq və eyni zamanda, onların inkişafının düzgün planlaşdırılmasını təmin etmək üçün bütün ölkələrin səylərini birləşdirmək son dərəcə vacibdir".
Mənbə: report.az