Azərbaycan və Esvatini arasında investisiya və ticarət sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı ixrac və idxal potensialına malik məhsulların müəyyənləşdirilməsi müzakirə olunub.
"Report" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Esvatini İnvestisiyaların Təşviqi Agentliyinin İnvestisiyaların təşviqi üzrə icraçı rəhbəri Martin Masilelanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüş zamanı Y. Abdullayev Azərbaycanın biznes mühiti, Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib.
Qarşı tərəf təmsil etdiyi qurumun fəaliyyəti və ölkəsinin iqtisadi potensialı barədə məlumat verib. Həmçinin Azərbaycan iyul ayında ikinci dəfə keçirilməsi planlaşdırılan Esvatini İnvestisiya Konfransında iştiraka dəvət edilib.
Görüşdə həmçinin biznes subyektləri arasında əlaqələrin qurulması və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Mənbə: report.az