IMG-LOGO

Lin O'Qreydi: "EBRD Bakının "Yaşıl şəhərlər" təşəbbüsünə daxil edilməsinə açıqdır"

22 May 2026 19:52 5 baxış
IMG

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) müəyyən edilmiş meyarlara uyğun olmaq şərti ilə Bakının "Yaşıl şəhərlər" proqramına daxil edilməsinə tam açıqdır.

Bunu EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində bildirib.

"COP29 zamanı imzalanmış Anlaşma Memorandumu Azərbaycan şəhərləri, o cümlədən Bakı və Şəki ilə daha dərin əməkdaşlıq üçün imkanlar yaradıb. Biz artıq su infrastrukturunun inkişafı və şəhər regenerasiyasına diqqət yetirərək Bakı ilə konkret layihələrin hazırlanmasına başlamışıq. Sonuncu istiqamət ilk növbədə, neftlə çirklənmiş ərazilərin bərpası və profilinin dəyişdirilməsi ilə bağlıdır", - o bildirib.

Onun sözlərinə görə, Bakının "Yaşıl şəhərlər" proqramına qoşulması ilə bağlı dialoq aparılır və EBRD onu şəhər administrasiyası ilə bundan sonra da davam etdirmək niyyətindədir.

"Biz "Yaşıl şəhərlər" proqramının meyarlarına cavab verən istənilən şəhəri nəzərdən keçirməyə hazırıq. Qısaca desək, bələdiyyə ilk növbədə, bizimlə birlikdə ilkin "yaşıl" və dayanıqlı investisiya layihəsini həyata keçirməyə hazır olduğunu bildirməlidir. Bunlar müxtəlif sahələrdə – su təchizatı, tullantı sularının axıdılması, nəqliyyat, bərk tullantıların idarə edilməsi, energetika və ya mənzil infrastrukturu sahələrində təşəbbüslər ola bilər", - L. O'Qreydi deyib.

O əlavə edib ki, şəhər "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanması öhdəliyini öz üzərinə götürməlidir.

"Məhz buna görə Gəncə uğurlu nümunə oldu. Belə bir plan yalnız bir layihənin həyata keçirilməsi xatirinə yaradılmır – o, uzunmüddətli baxışın mövcudluğunu və gələcək investisiyalara hazırlığı nəzərdə tutur. EBRD də öz növbəsində, şəhərlərlə uzunmüddətli tərəfdaşlıq qurmağa çalışır.

Digər bir meyar isə əhalinin sayıdır – bu rəqəm 50 mini ötməməlidir. Azərbaycan şəhərlərinin əksəriyyəti bu tələbə cavab verir", - proqramın rəhbəri əlavə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Mənbə: report.az

Xəbər lenti